Modern.az

Bakı Enerji Həftəsi: Dünyanın enerji liderləri Azərbaycanda TOPLAŞDI

Bakı Enerji Həftəsi: Dünyanın enerji liderləri Azərbaycanda TOPLAŞDI

5 İyun 2024, 10:23

Ölkəmizdə iyunun 4-dən başlayaraq Bakı Enerji Həftəsi keçirilir. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur.

 

Bakı Enerji Həftəsində 30-dan çox ölkədən 300-dək şirkət iştirakını təsdiq edib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 %-i tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.

 

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.

Tədbirin açılış nitqi ilə çıxış edən Prezident İlham Əliyev də tədbirin əhəmiyyətinə toxunaraq, Bakı Enerji Həftəsinin Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynadığını bildirib. Ölkə başçısı Azərbaycanın qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut etdiyini də diqqətə çatdırıb.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Cozef Bayden tədbir iştirakçılarına təbrik məktubu ünvanlayıb. Qeyd edək ki, Bakı Enerji Həftəsi 6 iyun tarixində başa çatacaq.

 

Son dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayır.

 

Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.

 

Tədbirin önəmi barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahiblkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Bakı Enerji Həftəsinin keçirilməsi mühüm iqtisadi hadisədir:

 

“Özündə üç mühüm tədbiri birləşdirən Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Bu qlobal platforma enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi dialoq məkanıdır, Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir. Tədbirə müxtəlif ölkələrin hökumət üzvləri qatılır, dövlət başçıları təbrik məktubu ünvanlayır. Bu, Azərbaycanın yürütdüyü enerji siyasətinə verilən yükəsk dəyərdir”.

A.Hüseynov ABŞ Prezidenti Cozef Baydenin Enerji Həftəsinin iştirakçılarına ünvanladığı məktubu da şərh edib:

 

“Yaşıl Enerji Həftəsinə Vaşinqtonun da xüsusi marağı vardır. ABŞ Azərbaycanın qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biridir. Ölkəmizin etribarlı tərəfdaş kimi rolunu yüksək dəyərləndirirəm. ABŞ Prezidenti bu tədbirin enerji təşəbbüskarlığının nümunəsi olmaqla, noyabr ayında Bakının COP29-a ev sahibliyi etməsinin vacibliyini dərk etməyə imkan verəcəyinə əminliyini ifadə edərək bu mötəbər toplantıya dəstək vermək iradəsini göstərir. COP29 Azərbaycana həm qlobal enerji təhlükəsizliyi, həm də neft-qaz təchizatı kimi məsələlərdə, həm də bərpa olunan enerji ixracında mühüm rol oynamağa və bu rolu daha da artırmağa imkan verir.


Bu, bir daha Amerikanın Azərbaycanla enerjinin bütün sahələrində, o cümlədən də “yaşıl enerji” sahəsində əməkdaşlığını və dəstəkverici siyasətini təsdiqləyir”.

İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin digər bir üzvü Rüfət Quliyev də Bakı Enerji Həftəsinin vacib hadisə olduğunu vurğulayıb:

 

“Enerji Həftəsi müstəqillik tariximizdə beynəlxalq əhəmiyyətli möhtəşəm, mötəbər toplantıdır. 30-dan yuxarı ölkədən 300-dən artıq kampaniyalar iştirak edir. Bunların içərisində 40 faiz kampaniiya son 10 illərdə iştirak ediblər. Göstəriciyə baxın. Bu, zarafat deyil. 3 mühüm beynəlxalq tədbirə bir həftə içərisində ev sahibliyi etmək həqiqətən Azərbaycanın iqtisadi, maliyyə baxımından dünyada gücümüzü göstərir. 10 milyon əhalimizin olmasına baxmyaraq, biz nəhəng ölkəyik. Görün bizə kimlər təbrik məktubları ünvanlayır. OPEC-in, eləcə də ayrı-ayrı ölkələrin rəhbərləri təbrik məktubları ünvanlayırlar. Onu da qeyd etmək lazımdır ki, bu özü beynəlxalq siyasi,iqtisadi qələbədir”.

 

Turqay Musayev

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri