Modern.az

Bakı Enerji Həftəsi: Azərbaycan beynəlxalq əməkdaşlığı genişləndirir

Bakı Enerji Həftəsi: Azərbaycan beynəlxalq əməkdaşlığı genişləndirir

5 İyun 2024, 15:54

Ölkəmizdə iyunun 4-dən başlayaraq Bakı Enerji Həftəsi keçirilir. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur.

 

Bakı Enerji Həftəsində 30-dan çox ölkədən 300-dək şirkət iştirakını təsdiq edib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 %-i tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, son hadisələr, o cümlədən Bakı Enerji Həfətsi çərçivəsində keçirilən və keçiriləcək görüş və iclaslar həm də  Azərbaycanın COP29-a ev sahibliyinin də yaddaqalan olacağını deməyə əsas verir:

 

"Rəsmi Bakının COP29 çərçivəsində gördüyü işlər, planetin ekoloji təmizliyinin qorunması, “yaşıl enerji”yə keçidlə bağlı irəli sürdüyü beynəlxalq təşəbbüslər dünya tərəfindən müsbət qarşılanır və alqışlanır. Bu gün Azərbaycanın nəhəng bərpa olunan enerji potensialının cəlbi ilə enerji siyasətimiz yeni səviyyəyə yüksəlib: “Ənənəvi enerji təchizatçısı və COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan bütün növ enerji resurslarını enerji təchizatında etibarlılığın, eyni zamanda emissiyaların azaldılması və “yaşıl enerji”yə keçidin təmin edilməsi məsuliyyəti ilə inkişaf etdirir”.

V.İskəndərov vurğulayıb ki, bu sadalalanlar fonunda 2024-cü ildə də Bakı Enerji Həftəsinə uğurla ev sahibliyi edən Azərbaycan beynəlxalq əməkdaşlığını da genişləndirir:

 

“Bəlli olduğu kimi, Bakı Eneji Həftəsinin açılış günü, yəni 4 iyun tarixi eyni zamanda iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması tarixidir. Lakin dünən 4 iyunu əlamətdar edən daha bir mühüm hadisə yaşandı. İyunun 4-ü həm də BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Təbii ki, bu, sıradan bir hadisə deyil və Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri