Modern.az

Prezident Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindən danışıb

Prezident Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindən danışıb

İqtisadiyyat

4 İyul 2024, 17:32

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

Modern.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışında deyib.

“Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir”, - deyə dövlətimizin başçısı bildirib.

İlham Əliyev deyib ki, Azərbaycan həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır.

Dövlətimizin başçısı bildirib: “Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi