Modern.az

Avropa Azərbaycandan qaz istəyir, ancaq investisiya yatırmır...

Avropa Azərbaycandan qaz istəyir, ancaq investisiya yatırmır...

İqtisadiyyat

29 İyul 2024, 15:44

Azərbaycan Avropanın 9 ölkəsinə qaz ixrac etmək üçün saziş imzalayıb. Artıq onların əksəriyyəti Azərbaycan qazından istifadə edir. Avropa ölkəmizdən təbii qaz ixracının 2 dəfə artırılmasını istəyir, ancaq bunun üçün maliyyə ayırmır.

 

Bu barədə Prezident İlham Əliyev də narahatlığını ifadə edib. Dövlət başçısı Şuşada keçirilən fprum zamanı deyib ki, Avropanın bizim qaza böyük ehtiyacı var: "Mən nəyə görə dedim ki, gəlin riyakarlığa son qoyaq?! Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər və bu, mənim avropalı həmkarlarımla müzakirələrimdə mövzudur. Avropa İnvestisiya Bankı faydalı qazıntı yanacağı ilə bağlı layihələri maliyyələşdirməyi tamamilə dayandırıb. Avropa Yenidənqurma və İnkişaf Bankı demək olar ki, bu sahəyə maliyyə ayırmır".

 

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan Avropaya 6,4 milyard kubmetr təbii qaz ixrac edib. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə Avropaya qaz satışı 0,7 milyard kubmetr və ya 12,3 % çoxdur.

 

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

 

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

 

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

"Cənub Qaz Dəhlizinin Avropa seqmentinin buraxıcılıq gücü 2 dəfə artırılacaq"

 

Məsələ ilə bağlı Modern.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban Azərbaycanla Avropa Kommisiyası arasında belə bir problemin olduğunu qeyd edir:

 

“Onlar hesab edirlər ki, sadəcə olaraq qaz Avropaya çatdırılmalıdır. Onun hasil edilməsi, nəqli qaz satanın yaxud satmaq istəyənin işidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev açıqlamalarında bir neçə dəfə dilə gətirib. Azərbaycan Prezidenti sonuncu dəfə Şuşa Qlobal Media Forumunda bəyan etdi ki, biz Avropaya qaz ixracının 2027-ci ilin sonuna 2021-ci ilin göstəricilərindən 2 dəfə artırılmasını planlaşdırırıq. Çünki bu bizim hədəfimizdir. Bu isə 16 milyard kubmetr edir. Bəziləri bu həcmi 20 milyard olacağını düşünürdü. Bunun səbəbi o idi ki, TAP-ın yəni Cənub Qaz Dəhlizinin Avropa seqmentinin buraxıcılıq gücü 2 dəfə artırılacaq. Bu isə belə deyil, biz indiki etapda artım həcmini 16 milyarda çatdırmaqla kifayətlənəcəyik”. 


İ.Şaban bildirib ki, Avropa gələcəkdə həyata keçiriləcək digər bir hədəfi qarşısına qoyub:


“Belə ki, olar 2040-cı ildə ənənəvi enerji həcmini kəskin azaldacaq ki, 2050-ci ildə onlardan ümumiyyətlə imtina etsin. Belə bir şəraitdə Azərbaycan Prezidenti qeyd etdi ki, Abşeron yatağı bizim ən böyük qaz ehtiyatına malik ikinci yatağımızdır. Bunun işlənməsi üçün böyük vəsait tələb olunur. Biz elə edə bilmərik ki, hasilata başlayandan çox müddət keçmədən bundan imtina etsinlər, nəticədə həm o qazı istehsal edən şirkətlər, həm də Azərbaycan ziyana düşsün. Bunun üçün marketinq araşdırmaları hazırda davam edir. O da bilinmir ki, 5 ildən sonra Avropanın hədəfi nə olacaq. Azərbaycan qazının idxalçılarına gəldikdə isə hazırda Bolqarıstan, Yunanıstan, İtaliya, fasilələrlə Rumıniya, Macarıstan və Serbiyadır. Bundan sonra açıqlanan hədəfə görə növbəti idxalçılar Sloveniya, 2026-cı ildən isə Slovakiya olacaq. Bir neçə Balkan ölkəsi də Azərbaycandan qaz almaq istəyir. Qazın ixrac həcmləri artdıqca, coğrafiyası da genişlənəcək”.

"Avropaya qaz lazımdırsa, burada maliyyə və investisiya qoyuluşuna maraqlı olmalıdırlar"

 

İqtisadçı ekspert Eyyub Kərimli isə bildirib ki, Rusiya-Ukrayna müharibəsinin uzanması və Rusiyanın sanksiyalar paketinin daha da genişləndirilməsi artıq Avropanı qaz təchizatı ilə bağlı düşünməyə vadar edir:


“Əlavə təchizat yolları axtaran Avropa üçün Azərbaycanın önəmi artır. Azərbaycan sabit və təhlükəsiz ölkə kimi Avropa üçün daha önəmli bir iqtisadi tərəfdaş olur. Cənab Prezidentin də vurğuladığı kimi, bu yaxınlarda Avropa qazın həcminin artırılmasına marağını bildirib. Lakin Azərbaycanda qurulan infrastruktur bəlli həcmlər üçün nəzərdə tutulub. Bir neçə ilə Avropaya ixrac edilən qazın 27 milyard kubmetrə çatdırılması nəzərdə tutulur”.


Ekspert qeyd edib ki, Avropa əlavə qaz əldə etmək istəyirsə, daha uzun müddətli müqavilə bağlamalıdır:

 

“Bir tərəfdən qaz istəyərkən vurğulayırlar ki, 10 ildən sonra qaza ehtiyacları qalmayacaq. Bu da həmin qaz xəttinin rentabelliyini və investisiya qoyuluşunu sual altında qoyur. Əgər belə qısamüddətli layihə üçün investisiya ayırmaq istəmirlərsə, bu ölkəmizin marağını əks etdirmir. Düşünürəm ki, bu halda daha məqsədəuyğun olardı ki, Avropa və digər beynəlxalq maliyyə strukturları bu işdə öz investisiyaları ilə maraq göstərsinlər. Əks halda onların ehtiyacı olan qazın alınması sual altında qalır. Həmin layihənin birtərəfli qaydada maliyyələşdirilməsi iqtisadi cəhətdən reintabelli deyil. Qaz xəttlərinin buraxılış imkanlarının artırılması söszüz ki, böyük investisiyalar tələb edir. Əgər qaz onlara lazımdırsa, burada maliyyə və investisiya qoyuluşuna maraqlı olmalıdırlar”.

 

Rəşid Qarayev 

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi