Azərbaycan BRİCS-ə üzv olmaq üçün rəsmi müraciət edib. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Bundan əvvəl Azərbaycan rəsmiləri BRICS-ə qoşulmaq istəklərini ifadə ediblər.
2001-ci ildə "Goldman Sachs" investisiya bankında çalışan iqtisadçı Cim Oneill Braziliya, Rusiya, Hindistan və Çinin ingiliscə baş hərflərindən assosiasiyaya adını verən BRIC ixtisarını düşünüb. O zaman bu ölkələr iri, orta gəlirli, lakin sürətlə inkişaf edən iqtisadiyyatlar idi. Oneill bu ölkələrin 2050-ci ilə qədər dünyanın ən böyük iqtisadiyyatları arasında olacağını proqnozlaşdırmışdı. 2006-cı ildə 4 ölkə bir araya gəlməyə qərar verdi və BRIC-i yaratdı. 2010-cu ildə CAR-ın qoşulması ilə BRIC BRICS-ə çevrildi.
2023-cü ilin avqustunda Yohannesburqda keçirilən sammitdə BRICS ölkələrinin başçıları təşkilatın genişləndirilməsi ilə bağlı bəyannamə qəbul ediblər. 2024-cü il yanvarın 1-dən Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ təşkilata üzv olub. Tailand, İndoneziya, Qazaxıstan, Venesuela və digər ölkələr də üzvlük üçün ərizə təqdim edib.
Rəsmi Bakının təşkilata qoşulmaq arzusunu Modern.az-a şərh edən VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Azərbaycan dünya siyasətinə və iqtisadiyyatına töhfə verən ölkədir:
“Azərbaycan bir çox beynəlxalq nüfuza malik təşkilatlarının, assosiyalarının üzvüdür. Deməli, ən başlıca ölkə Prezidentinin apardığı siyasətin tərkibi hissəsi və ana xətti olaraq, dövlət maraqlarının təmin olunduğu bir çox platformalarda Azərbaycan hər zaman çox fəal iştirak edir. Üzv olduğu bütün bu platformalarda öz nüfuzunu Azərbaycan həmişə təsdiq edir və qlobal təşəbbüslər irəli sürür. Əslində, bu kimi platformalara Azərbaycan Prezidenti dəvət olunur. Bu da ondan irəli gəlir ki, Azərbaycan dünya siyasətinə, iqtisadiyyatına töhfə verən ölkədir. Bu qurumda da Azərbaycanın təmsil olunması hesab edirəm ki, qurumun özü üçün çox önəmli hadisə kimi dəyərləndirilməlidir. Azərbaycan bu Qoşulmama Hərəkatına üzv olan Azərbaycan böyük nüfuz əldə etdi. Azərbaycan 4 il bu quruma rəhbərlik edərək nüfuzlu platformaya çevrildi. Bu cür platformalar öz sözünü deyir və gərəkliliyini sübut edir".
O vurğulayıb ki, bu platformada da Azərbaycanın təmsil olunması bizim ölkə Prezidentinin yürütdüyü siyasətin tərkib hissəsi olaraq, dövlətçilik maraqlarımız ifadə olunacaq: "Azərbaycan dünya iqtisadiyyatına daha geniş formada inteqrasiya olunur. BRICS həm də Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsinin səciyyələndirən platformalardan birinə çevrilir".
İqtisadçı ekspert Natiq Cəfərli isə söyləyib ki, BRICS-ə qoşulmaq Azərbaycanın logistik mərəzə çevrilmək istəyinin təzahürüdür:
"BRICS-ə siyasi, nə də hərbi təşkilatdır. Təşkilatın nə siyasi, nə də hərbi institutları mövcud deyil. Sırf iqtisadi təşkilat olan BRICS-in üzvlərinin məqsədi qarşılıqlı investisyaların qoyulması, yeni nəqliyyat dəhlizləri, qarşılıqlı şəkildə güzəştli ticarət edilməsidir. BRICS-ə üzvlərin, əsasən böyük ölkələri bir kənara qoysaq, Çin, Hindistan, Cənubi Afrika və Brazilyanın Avropa İttifaqı və Amerika Birləşmiş Dövlətləri ilə ticarət dövriyyəsi 3 trilyon dollardır. Ona görə də bu ölkələrin əsas tərəfdaşları Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarıdır. Azərbaycanın da əsas ticarət tərəfdaşları Avropa İttifaqı ölkələridir. Bizim ixracatımızın böyük hissəsi Avropa İttifaqı ölkələrinədir. İnvestisyaların böyük hissəsi Avropa İttifaqı və ABŞ tərəfindən qoyulub. Mənə elə gəlir ki, Azərbaycanın BRICS-ə müraciət etməsinin əsas səbəbi gələcək logistik dəhlizlərinin mərkəzinə çevirlmək istəyidir. Çünki həm Çinin, həm də Hindistanın "Orta Dəhliz", "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin mərkəzində yerləşən Azərbaycandır. BUrada həm Çinin, həm də Hindistanın maraqları var. Azərbaycanın BRICS-ə üzv olması hesab edirəm ki, əsa logistika ilə bağlıdır. Bu, Azərbaycana ziyan gətirəcək məsələ deyil, əksinə doğru-dürüst münasibətlər qursaq, ölkəmizə əlavə investisyaların cəlb edilməsinə şərait yaradan bir təçkilata çevrilə bilər".