Azərbaycanda istehsal olunan bəzi kənd təsərrüfatı məhsulları həm də xaricdən də ölkəmizə gətirilir. Buna görə də bəzən yerli istehsal xaricdən gətirilən məhsullarla rəqabətə tab gətirə bilmir.
Belə məhsulların xaricdən gətirilməsinə limit qoyula bilərmi?
Məsələ ilə bağlı Modern.az-ın sorğusuna Dövlət Gömrük Xidmətinin mətbuat xidmətindən belə cavab verilib:
"Tariflərin müəyyənləşdirilməsi, kvotanın tətbiqi və digər ticarət siyasəti tədbirləri Nazirlər Kabineti tərəfindən təsdiq edilir, gömrük orqanları isə icraedici qurumdur".
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, belə durumda kvota və ya rüsum təqdim edilə bilər:
"Bu, unikal iqtisadi alətdir. Bu alətdən ölkələr müasir mərhələdə o qədər də geniş istifadə etmirlər. Daxili bazarı qorumaq üçün bir çox hallarda xarici məhsulları idxalına ya rüsum, ya da müəyyən məhdudiyyət tətbiq olunur. Hökumət bu məhsulu seçərkən diqqətli olmalıdır. Yəni məhsul yerli tələbatı ödəməlidir. Yerli bazarı və istehsalçıların manafeyini qorumaq üçün belə bir məhdudiyyət həyata keçirilir. Azərbaycanda belə məhsul varsa, idxal maraqsız olar. Yay aylarında Azərbaycanda qarpız yetişir. Qarpız idxalı olunubmu, yox. Amma pomidor qıtlığı olduğu üçün bu yay pomidor idxalı oldu. Yəni bu, hökumətin əlində olan alətdir. Bunun üçün hökumət daxili bazara çox ciddi şəkildə nəzarət etməlidir. Hansısa yerli məhsul bazarda xarici analoquna uduzursa, hökumət bunu müəyyən etdikdən sonra həmin məhsulun idxalına rüsum və ya kvota qoya bilər".
İqtisadçı ekspert vurğulayıb ki, qərar dəqiq ölçülüb-biçilməlidir:
"Məsələn, Azərbaycanda soğan istehsalına məhdudiyyət var. Hər bir sahibkar ay ərzində 11 min tondan artıq soğan idxal edə bilməz. Hansı fəsil olmasının əhəmiyyəti yoxdur. Çünki ölkə daxilində kifayət qədər soğan var. Ona görə soğanın idxalında maraqlı deyilik. Tutaq ki, yanvar, fevral, mart aylarında ölkə daxilində soğana tələbat artır. Ölkə bazarlarında soğan qıtlaşanda idxala qoyulan kvota sahibkarların mal idxal etməsinə imkan verilir. Bu alətdən istifadə edilməsi elmi metodoloji yanaşma tələb edir. Səhv qərar verəndə ciddi problemlər yaranır".