Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bəyan edib ki, Bakıda yeni avtobus zolaqları şəbəkəsi hazırdır. Yeni marşrut şəbəkəsində nə kimi dəyişikliklər nəzərdə tutulub?
AYNA-nın əməkdaşı Tural Orucov Modern.az-a bildirib ki, əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bir ildən çoxdur ki, mobilliyin transformasiyası proqramı həyata keçirilir:
"Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb".
O bildirib ki, artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən 5 yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb:
"Yeni marşrut şəbəkəsi hazırlanarkən bir çox amillər nəzərə alınıb. İctimai nəqliyyatın əlçatanlığının təmin olunmasına xüsusi diqqət ayrılıb. HUB-ların, nəqliyyat qovşaqları və nəqliyyat mübadilə mərkəzlərinin yaradılması, təkrarlanan marşrutların aradan qaldırılması nəzərdə tutulub".
Gülarə Quliyeva