Modern.az

Bankların kredit reklamı – müştəriləri aldadırlar? 

Bankların kredit reklamı – müştəriləri aldadırlar? 

İqtisadiyyat

6 Sentyabr 2024, 15:12

Gündəlik həyatımızda tez-tez bankların ucuz və sərfəli kredit reklamları ilə qarşılaşırıq.

Banklar müştərisi olub-olmamağımızdan asılı olmayaraq telefon nömrələrimizə mesajlar göndərir, media və sosial şəbəkə hesablarında reklamlar yayımlanır.  

Küçə və prospektlərdə xeyli sayda reklam bannerlərinə rast gəlinir.

Kredit təklifini özündə əks etdirən reklamlarda aşağı faizli kreditlər təklif olunur.

Məsələn, nağd kreditləri 15-20 faizlə götürdüyümüz halda bəzi banklar illik 9,5 faizlə kredit təklif edirlər.

Çoxlarımız kredit reklamına o qədər də əhəmiyyət verməyərək banklara üz tutur və fərqli mənzərə ilə qarşılaşırıq.

Bank filiallarında müştərinin kredit tarixçəsi araşdırıldıqdan sonra illik 14-19 faizlə kredit ayrıla biləcəyi qeyd olunur.

Əslində, problem ondan başlayır ki, müştərilər reklamlara diqqətlə yanaşmır.

Xüsusilə, poster reklamlarına diqqət yetirsəniz görərsiniz ki, bankların kredit faizlərini konkret göstərici ilə açıqlamırlar.

“Filan faizdən başlayaraq” kimi ifadələrlə göstərirlər.

Diqqət yetirmisinizsə, adətən faizi əks etdirən rəqəm böyük şriftlərlə qabarıq formada, müştərinin şüuruna ciddi təsir edəcək şəkildə yayımlanır.

“-faizdən başlayaraq” ifadəsi isə o qədər kiçik yazılır ki, çox vaxt insanlar ona əhəmiyyət vermir. 

Banklar hansı faizlərlə kredit verir?

Əvvəlcə gəlin bankların təklif etdiyi nağd kreditlərin faizlərinə diqqət yetirək.

Bankların internet səhifələrinin kredit bölmələrində faizlər belə göstərilir.

 

Bankın adı

Kredit faizi

Yelobank

9,5 faizdən başlayaraq

Premium  Bank 

 

9,8 faizdən başlayaraq

Turanbank

9,9 faizdən başlayaraq

 

Bank Respublika

 

10 faizdən başlayaraq

Aksesbank

 

10 faizdən başlayaraq

Bank VTB

 

10,49 faizdən başlayaraq

Rabitəbank

 

10,5 faizdən başlayaraq

ABB

10,9 faizdən başlayaraq

 

Bank of Baku

 

10,9 faizdən başlayaraq

Ekspressbank

10,9 faizdən başlayaraq

Kapitalbank

 

10,9 faizdən başlayaraq

AFB

11,15 faizdən başlayaraq

 

YapıKredi Bankı

 

11-16 faiz

Azərtürkbank

 

11-16,5 faiz

Bank Avrasiya

12 faizdən başlayaraq

 

Xalqbank

 

12-16 faiz

ASB bank

 

13-19 faiz

Ziraatbank

 

18 faizdən başlayaraq

Bank BTB

18 faizdən başlayaraq

 

Paşabank

11,5-28 (Krediti yalnız əmək haqqı kartı Paşabankda olan müştərilər  ala bilər)

 

Ucuz krediti çox qazananlar ala bilir

Göstərilən faiz dərəcələri ilə kredit götürmək üçün seçmə üsulu əsasında bir neçə bankla əlaqə saxladıq.

Məlum oldu ki, “başlayaraq” sözü ilə təklif edilən kreditlər,həqiqətən, var.

Amma bu, məsələnin görünən tərəfidir.

Bəzi banklar aşağı faizli kreditlər təklif etsələr də, 1-3,5 faiz komissiya əlavə edirlər.

Belə olan halda,məsələn,10 faizdən başlayaraq verilən kerditin faiz dərəcəsi bəri başdan 13 faizdən yüksək olur.

Özü də bu kreditlər heç də hamıya şamil edilmir.

Həmin kreditlər ən yaxşı halda 1 il müddətinə verilir.

Bəzi banklar isə aşağı faizli kredit üçün əmək haqqı məhdudiyyəti tətbiq edir.

Həmin banklar ucuz kreditləri aylıq gəliri 2500 manatdan az olan müştərilərə vermirlər.  

Həmin müştərinin də kredit tarixçəsi qaydasında olmalıdır.

Təcrübə göstərir ki, müştərilər ödəmə qabiliyyətini nəzərə alaraq kreditləri,adətən, 24-36 ay müddətinə götürür.

Banklardan sorğularımıza verilən cavablardan aydın oldu ki, krediti nisbətən uzun müddətə götürən, riskli və aşağı gəlirli müştərilər üçün “başlayaraq” tipli kreditlər əlçatan deyil.

Onlar ancaq 14-19 faizlə kreditə ümid edə bilələr.

Ucuz kreditdən bank qazana bilirmi?

Maraqlıdır, bəs görəsən, aşağı faizlə verilən kreditlərdən bank qazana bilirmi?

Axı, əmanət faizləri də yüksəkdir.

Banklarda kredit portfelinin böyük hissəsini əhalidən cəlb edilən əmanətlər təşkil edir.

İndi banklar əhalidən əmənətəri 5,5-11 faizlə cəlb edir.

Bəs necə olur ki,11 faizlə əmanət cəlb edən bank 10 faizdən kredit verə bilir?

Nəzərə alaq ki, kredit ayırarkən bankın əməliyyat xərcləri, riskləri və mənfəəti də olmalıdır.

Heç bir bank ziyana kredit verməz.

Tutaq ki, bank vətəndaşdan illik 11 faizlə 1000 manat vəsait cəlb edir.

Bu zaman bank ilin sonunda müştəriyə 110 manat qaytarmalıdır.

Amma həmin vəsait hesabına digər vətəndaşa illik 10 faizlə 1000 manat kredit verir.

Əgər müştəri krediti vaxtından əvvəl bağlamasa, bank müddətin sonunda 1000 manata görə 55 manat faiz gəliri əldə edəcək.

Bu isə əmanət faizi olaraq müştəriyə ödədiyi məbləğdən 2 dəfə azdır.

Əslində isə kreditlərin faiz gəliri əmanətə ödənilən gəlirdən yüksək olmalıdır ki, bank ayaqda qala bilsin.

Deməli, bu halda bank ya ucuz cəlb etdiyi vəsaitdən ucuz kredit verməli, ya da kreditlərin faizlərini qaldırmalıdır.

Böyük ehtimalla banklar həmin kreditləri Mərkəzi Bankdan uçot dərəcəsi ilə götürdükləri vəsait hesabına ayırırlar.

Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 7,25 faizdir.

Krediti reklamlara görə götürməyin!

Bankların ucuz kredit reklamının nədən qaynaqlandığını şərh edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Modern.az”-a bildirib ki, burada qanun pozuntusu yoxdur.

“Başlayaraq” sözü ona işarə edir ki, ondan çox da ola bilər.

Banklar müştərini cəlb etmək üçün belə edirlər.

Ümumiyyətlə kredit faiz dərəcəsi kredit riskinə bağlı olan məsələdir. Kredit nə qədər risklidirsə, faiz də o qədər artır.

Risk bir sıra meyarlarla ölçülür: məbləğ, müddət, borcalanın maliyyə vəziyyəti, onun kredit tarixçəsi və s.

Yəni müştəri banka gedərkən, orada şərtlərə baxırlar və riski qiymətləndirirlər.

Risk kreditin qaytarılmama ehtimalının çox olması ilə bağlıdır”.

Ekspert deyir ki, bu zaman bank vaxt və vəsait itirir, işçi qüvvəsi sərf edir,kollektor və məhkəmə ilə bağlı xərclərlə üzləşir.

Banklar bunları nəzərə alaraq daha riskli kreditlərdə daha yüksək faiz dərəcəsi tətbiq edirlər.

Ekspertlər bildirir ki, banklar öz reklam çarxlarında kreditin ağır şərtləri barədə məlumatları gizlətməklə əhaliyə natamam informasiya verir və müştəri cəlb edirlər.

Onlar hesab edir ki, reklamların təsiri altında dərhal banka gedib kredit götürmək düzgün deyil.

Müştərilər əvvəlcə bazarı araşdırmalı,daha sərfəli kreditlər təklif edən banklara müraciət etməlidirlər.

İnkişaf etmiş ölkələrin də təcrübəsi göstərir ki, kredit faizlərinin azalması birbaşa banklar arasında rəqabətin daha da gücləndirilməsindən keçir.

Azərbaycanda depozitlər üzrə faizlərin yüksək olması da kreditləri bahalaşdırır.

 

Qanun nə deyir?

“Reklam haqqında” Azərbaycan Respublikasının qanununda maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların reklamı ilə bağlı maddə var.

Maddədə qeyd olunur ki, istehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildikdə, istehlakçı aşağıdakılar barədə də məlumatlandırılmalıdır:

- kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər;

- kreditin müddəti;

- kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ;

- kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi.

Özü də bu məlumatlar digər məlumatlardan kiçik olmayan və aydın şəkildə oxuna bilən ölçülərdə yayımlanmalıdır.

Kreditlər getdikcə artır

Bütün bunlara baxmayaraq müştərilərin kreditlərə marağı artmaqdadır.

Mərkəzi Bankın məlumatına görə avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 89,3 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çoxdur.

Bankların aktivlərinin 24 milyard 199,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib.

Son 1 ildə sektorun kredit portfeli 20,3 % artıb, kreditlərin aktivlərdəki payı isə 44,8 fazidən 49,3 faizə qalxıb.

Kreditlərin 54,2 faizi biznes, 30,2 faizi istehlak, 15,6 faizi ipoteka məqsədilə verilib.  

İstehlak kreditlərinin milli valyutada, orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 23, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 25, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 16, avtomobil kreditləri üzrə 11 və digər istehlak kreditləri üzrə 18 faiz təşkil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri