Xarici ölkələrdən Azərbaycana gətirilən ətlərin keyfiyyəti barədə birmənalı fikri yoxdur. Qida sənayesində istifadə olunan bu ətlər ucuz qiymətə alındığından bəzi iş adamları məhsulun idxalında maraqlıdırlar.
Azad İstehsalçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, Azərbaycana idxal olunan ətlər tam təhlükəsizdir:
"Xaricdən Azərbaycana mal idxal olunan zaman Azərbaycandan uyğun mütəxəssislər işə cəlb olunur, monitorinqlər aparırlar. Ondan sonra müqavilələr bağlanır".
Eyyub Hüseynov qeyd edir ki, Azərbaycana xarixdən kiloqramı 4 manat, 4 manat 50 qəpiyə ətlər gətirilir:
"Bizim düşündüyümüz kimi yalnız toyuq budu, balıq ətləri gətirilmir, təzə, yemək üçün uyğun digər ətlər də gətirilir. Ətlər Hindistan, Pakistan, Brazilya və başqa ölkələrdən idxal olunur. Xaricdən gətirilən ət məhsulları əsasən kolbasa və sosiska məhsullarının, konservləşdirilmiş qidaların hazırlanmasında istifadə olunur. Yerli satış məntəqələrində bu ətlər satılmır.
Bütün hallarda təhlükəsizlik Qida Təhlükəsizlik Agentliyi tərəfindən təmin olunur və təhlükəli ətlər Azərbaycana gətirilmir".
Gülarə Quliyeva