İran və İsrail arasında hərbi qarşıdurma baş verdiyi bir vaxtda Azərbaycanın bu ölkələrlə ticarət əlaqələrinin vəziyyəti yenidən gündəmə gəlib.
Modern.az Azərbaycanın hər iki ölkə ilə ticarət əlaqələrinin səviyyəsi və strukturunu araşdırıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin 8 ayında Azərbaycandan İrana 9,4 milyon dollarlıq məhsul ixrac olunub. Bu Azərbaycanın ümumi ixracının cəmi 0,05 faizini təşkil edir.
İrandan isə Azərbaycana 394 milyon dollarlıq mal gətirilib. İranın Azərbaycanın ümumi idxalında payı 3 faizdir.
İrandan Azərbaycana meyvə-tərəvəz, çay, qənnadı məhsulları, un məmulatları, təbii qum, kvars, gips, sement, sürkü yağları, yuyucu vasitələr, kimya sənayesi məhsulları, ayaqqabı, metal konstruksiyalar, elektrik avadanlıqları gətirilib.
Azərbaycandan isə İrana əsasən elektrik enerjisi, təbii qaz, metal konstruksiyalar ixrac olunur.
İsrail Azərbaycanın İtaliya, Türkiyə , Rusiya və Çindən sonra 5-ci ən böyük ticarət tərəfdaşıdır.
2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanla İsrail arasında xarici ticarət dövriyyəsi 1 milyard 409 milyon dollar olub. Bu ölkəmizin ümumi xarici ticarətinin 4,55 faizini təşkil edir.
İsrail ixracda İtaliya və Türkiyədən sonra 3-cü yerdədir.
Bu il Azərbaycandan İsrailə 1 milyard 388 milyon dollarlıq mal göndərilib. Bu ümumi ixracın 7 faizini təşkil edir.
İsraildən isə Azərbaycana cəmi 21 milyon dollarlıq mal gətirilib ki, bunun da ümumi idxalda payı cəmi 0,16 faizdir.
Azərbaycandan İsrailə ixrac olunan məhsullar arasında əsas yeri xam neft tutur.