Modern.az

Xəzərdə ən böyük donanma: Azərbaycan bayrağı altında üzən gəmilər

Xəzərdə ən böyük donanma: Azərbaycan bayrağı altında üzən gəmilər

İqtisadiyyat

7 Oktyabr 2024, 16:02

Azərbaycanın Şərqlə Qərb arasında əlverişli coğrafi mövqeyə malik olması və Xəzər dənizi ilə əhatə olunması ölkəmizin tranzit yük daşımalarında əhəmiyyətini artırır.  

 

Ölkəmiz Xəzərdə ən böyük nəqliyyat donanmasına, neft və qaz hasilatı sənayesinə xidmət göstərən ən böyük ixtisaslaşdırılmış donanmaya, geniş texniki imkanları ilə seçilən gəmi təmiri zavodlarına, müasir tədris sistemi və elmi-texniki bazasına malikdir.

 

Azərbaycanda gəmiçilik fəaliyyəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) tərəfindən həyata keçirilir.

 

ASCO yük daşımaları, neft-qaz sənayesinə ixtisaslaşdırılmış ofşor xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edən aparıcı gəmiçilik şirkətdir.

 

Gəmiçilik sahəsində bəzi “ilk”lər Azərbaycana məxsusdur.

 

Ölkəmizdə gəmiçiliyin 166 illik tarixi var.  ASCO Xəzərdə ən böyük və ən qədim tarixə malik gəmiçilik şirkətidir.

 

Ölkəmizdə gəmiçiliyin əsası 1858-ci il may ayının 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub.

 

XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib.

 

XIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verib.

Təsadüfi deyil ki, dünyada ilk neftdaşıyan "Aleksandr" barjı 1873-cü ildə Xəzərdə istismar edilib. Dünyada ilk tanker - "Zərdüşt" də (1878-ci ildə inşa edilib) Xəzərdə səfərlər edib. İlk daxili yanma mühərrikli "Vandal" (1903-cü il), ilk reversivli iki mühərriklə çalışan "Delo" (1908-ci il) gəmilərində üzmək də Xəzər dənizçilərinin qismətinə yazılıb.

 

Dənizlə daşınan yüklərin həcmi artdıqca Xəzər dənizinin sahillərində limanların da sayı artır. Yeni körpülər inşa edilir, anbarlar tikilir, kranlar qurulur.

 

Donanmanın genişlənməsi gəmi təmiri bazasının yaradılmasını da zərurətə çevirir və 1866-cı ildə "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsi qoyulur.

 

Sonrakı illərdə gəmiçiliyin donanması ölkədə və xaricdə inşa edilmiş yeni tipli gəmilərlə zənginləşir. Xəzər dənizçilərinin ixtiyarına "çay-dəniz" tipli tankerlər, pambıq, taxta-şalban və s. daşıyan gəmilər verilir.

 

Xəzərdə ən böyük dəniz donanması Azərbaycana məxsusdur.

 

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycanda mövcud olan iki böyük donanmanın — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasında əsas məqsəd ölkənin tranzit yükdaşımalar sahəsində rəqabət potensialından daha səmərəli istifadə etməklə gəmiçilik sahəsində yerli və beynəlxalq daşımaların həcmini artırmaq idi.

 

 Bu dəyişikliklə Cəmiyyət sərnişin və yük daşınması, habelə gəmilərin təmiri və modernləşdirilməsi ilə bağlı müxtəlif növ xidmətlər təqdim edən, eləcə də dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına ixtisaslaşdırılmış gəmiçilik xidmətləri göstərən yeni və güclü bir quruma çevrilir.

 

250-dək müxtəlif təyinatlı gəmisi olan Azərbaycan Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir.

 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda ASCO-nun 2 donanması var.

 

Dəniz Nəqliyatı Donanması 52 gəmidən ibarətdir.

 

Xəzər Dəniz Neft Donanmasının tərkibində isə 195-dən çox gəmi var. 

 

ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus gəmilər Xəzər dənizində müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir. Xəzər Dəniz Neft Donanması isə Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir.

 

Nəqliyyat Donanması gəmiləri Xəzərlə yanaşı, əsasən Qara və Aralıq dənizi hövzəsində də yükdaşımalar həyata keçirir və bu dənizlərdə bir çox limanlar arasında fəaliyyət göstərirlər.

 

ASCO 2014-cü ildən xarici sularda fəaliyyətini bərpa edib. Hazırda beynəlxalq sularda 2 tanker, 4 quru yük gəmisi olmaqla, ümumilikdə 6 gəmimiz istismar olunur. Quru yük gəmilərimizdən biri “Handysize” tiplidir və "Xocalı" adlı həmin gəmi məhdudiyyətsiz üzmə imkanlarına malikdir.

 

Bundan başqa, hazırda Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında SOCAR ilə birgə alınaraq istismara verilən dörd “Aframax” tipli gəmimiz mövcuddur.  “Şuşa”, “Qarabağ”, “Zəngəzur”, “Xankəndi” adlı həmin gəmilər də məhdudiyyətsiz üzmə imkanlarına malikdir.

 

 

Ələt limanı Xəzər sahilində ən böyük ticarət limanıdır.  

 

Ələt qəsəbəsində yerləşən və ən son texnologiyalar əsasında inşa olunan Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti ildə 15 milyon tona bərabərdir.

 

Hazırda daşımaların artması nəzərə alınmaqla ticarət limanının ötürücülük imkanları genişləndirilir. Layihənin icrası tamamlandıqdan sonra liman vasitəsilə ildə 25 milyon tona qədər yük aşırmaq mümkün olacaq.

 

Liman ölkəni qərblə (Türkiyə və Avropa), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağı üzərində yerləşir. Bundan əlavə, yeni limanın yerləşdiyi ərazi ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmiryolları ilə kəsişir.

ASCO-nun  "Bibiheybət" və "Zığ" gəmi təmiri zavodları mövcuddur. Zavodlarda gəmi sistem və qurğularının, elektrik və radionaviqasiya avadanlıqlarının, mühərriklərin, cihazların quraşdırılması və sazlanması və sair kimi işlər həyata keçirilir.

 

ASCO-nun tərkibində logistika xidmətləri təqdim edən "ASCO logistics" şirkəti fəaliyyət göstərir. Şirkət müxtəlif nəqliyyat növləri cəlb etməklə müxtəlif təyinatlı yüklərin başlanğıc məntəqəsindən təyinat məntəqəsinə təhlükəsiz, qısa zaman ərzində və effektiv daşınmasını təşkil edir.

 

Bundan əlavə, "ASCO logistics" şirkəti yükgöndərənlərə optimal marşrutun və nəqliyyat növünün seçilməsi ilə bağlı məsləhətlərin verilməsi və yükün daşınması zamanı tələb olunan sənədləşmə, müşayiət, gömrük və sığorta xidmətləri göstərir.

 

Dəniz daşımalarının 90 faizi tranzit yüklərin payına düşür

 

Dövlət Statistika Komitəsinin məlumatına görə son 5 ildə daniz nəqliyyatı ilə daşımalar 50 faizdən çox artıb. 2023-cü ildə dəniz nəqliyyatı ilə 9 milyon tondan çox yük daşınıb. Bu, 2022-ci illə müqayisədə 1,5 milyon ton çoxdur.

 

Daşınan yüklərin 89 faizi və ya 8 milyon tonu tranzit yüklərin payına düşür. Ötən il xarici limanlar arasında 683 min ton yük daşınıb.
 

2023-cü ildə dəniz daşımalarından 253 milyon manat gəlir əldə edilib. Bu 5 il əvvəllə müqayisədə 40 faiz çoxdur.
 

Ötən il dəniz daşımalarına 205 milyon manat xərc çəkilib.
 

Hazırda dəniz daşımaları sahəsində 6600-dək işçi çalışır. İşçilərin orta aylıq əmək haqqı 2246 manatdır. 2019-cu illə müqayisədə işçilərin nominal orta aylıq əmək haqqı 41 faiz artıb.

 

Gəmiçiləri də özümüz hazırlayırıq

 

ASCO-nun  tərkibində olan Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) dənizçilik təhsili üzrə 130 illik təcrübəyə malikdir.
 

Akademiya Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) tərəfindən tanınır.
 

Akademiyada 3 fakültə, 7 kafedra fəaliyyət göstərir.  Bu təhsil ocağında gəmiçilik, elektrik, mexanika, nəqliyyat, naviqasiya mühəndisliyi, menecment  və s. sahələr üzrə yüksək ixtisaslı kadrlar hazırlanır.
 

Diplom və sertifikatları beynəlxalq səviyyədə tanınan Akademiya yüksəkixtisaslı dənizçi kadrların hazırlanması ilə yanaşı, onların ixtisasartırma və yenidən hazırlanması istiqamətində də fəaliyyət göstərir.
 

Akademiyanın nəzdində fəaliyyət göstərən Təlim Tədris Mərkəzində gəmi heyətlərinin və dəniz obyektlərində işləyən mütəxəssislərə Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmələri (DHSNÇ) haqqında Beynəlxalq Konvensiyanın və ona edilmiş əlavələrin tələblərinə və standartlarına uyğun təlimlər keçirilir.

 

Neyman Səfərəliyev

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc olunub.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi