Pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, qardaş Türkiyə və digər ölkələrdə belə fondlar fəaliyyət göstərir.
Azərbaycanda da özəl pensiya fondlarının yaradılması nəzərdə tutulub. Bununla bağlı normativ sənədlər hazırlanıb. Məlumata görə, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin hazırlandığı diqqətə çatdırılıb.
Modern.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, özəl pensiya fondlarının yaradılması çətin deyil:
"Özəl pensiya fondlarının yaradılması 10 ildən artıq vaxtdır ki, müxtəlif dövrlərdə fasilələr olmaqla müzakirə olunurdu. Daha sonra proses bir növ sanki "dondu" və gözləmə mövqeyinə keçildi. Ümumilikdə götürdükdə, belə bir fondun yaradılması heç də çətin deyil. Lazımi normativ sənədlər hazırlanır, baza formalaşdırılır və fond yaradılır. Bu qədər".
İqtisadçı ekspert vurğulayıb ki, çətin olan fondun fəaliyyəti və insanların gözləntilərinin doğruldulmasıdır:
"Çətin olan fondun yaradıldıqdan sonra mexanizm kimi işləməsi və insanların bu fonddan gözləntilərinin doğrulmasıdır. Özəl pensiya fondunun işlək olduğu ölkələr var. Lakin bu ölkələrdə iqtisadi konyektura fərqlidir. Özəl pensiya fondlarının işləməsi üçün fərqli iqtisadi şərait lazımdır. Açılmış iş yerlərinin sonradan bağlanmaması, investisya ilə bağlı mühitin yuxarı olması, inflyasiya gözləntilərinin idarə edilməsi normal səviyyəyə çatmalıdır. İnsanlar bu fondlara elə etibar etməlidir ki, bu gün qoyduqları pulu 40-50 il sonra götürəcəklərinə əmin olsunlar. Özəl pensiya fondlarına qədər digər istiqamətlərdə həllini gözləyən bir sıra məsələlər var. Daha sonra özəl pensiya fondları fəaliyyətə başlayaraq uğur qazana bilərlər".