2024-cü ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 27683,6 milyon manat proqnoza qarşı 27737,0 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 53,4 milyon manat və ya 0,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 25,6 faiz və ya 5660,6 milyon manat çoxdur.
Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda deyilir:
"Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 0,3 faiz çox icra edilməklə 18151,3 milyon manat təşkil edib.
2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin daxilolmalarının 12030,5 milyon manatı və ya 43,4 faizi vergi daxilolmalarının və dövlət rüsumlarının, 9585,7 milyon manatı və ya 34,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 4931,2 milyon manatı və ya 17,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 419,7 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının, 250,0 milyon manatı və ya 0,9 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmalarının, 28,3 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 491,6 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların payına düşüb.
2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi və rüsumlar üzrə daxilolmalar 197,1 milyon manat və ya 1,7 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 120,9 milyon manat və ya 2,5 faiz, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 0,2 milyon manat, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 3,9 milyon manat və ya 16,0 faiz çox, Mərkəzi Bankdan daxilolma proqnozlaşdırılan səviyyədə, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 79,5 milyon manat, 15,9 faiz və sair gəlirlər üzrə daxilolmalar 189,2 milyon manat, 27,8 faiz az təmin edilib".
Qeyd edilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 57,9 faizini və ya 8409,7 milyon manatını vergi və dövlət rüsumları üzrə daxilolmalar, 33,9 faizini və ya 4931,2 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,9 faizini və ya 419,7 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaları, 1,7 faizini və ya 250,0 milyon manatını Mərkəzi Bankın mənfəətindən daxilolmalar, 0,2 faizini və ya 28,3 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 3,4 faizini və ya 491,6 milyon manatını sair daxilolmalar təşkil edir.