Bu gün Azərbaycanda kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd edir.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Hazırda ölkənin iqtisadi baxımdan fəal əhalisinin 1 milyon 777 min nəfəri aqrar sektorda çalışır. Bu ümumi məşğul əhalinin 36 faizini təşkil edir.
2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ümumi daxili məhsulda payı 6,4 faiz təşkil edib.
Bu müddətdə 10,4 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bunun 5,5 milyardı bitkiçilik, 4,9 milyard manatlıq hissəsi isə heyvandarlıq məhsullarının payına düşüb.
2023-cü ildə aqrar sektorda 12,2 milyard manatlıq məhsul istehsal edilib.
Aqrar sektor Azərbaycan iqtisadiyyatında daim önəmli rol oynayıb. Son illər ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib.
Azərbaycanda aqrar sahəyə cavabdeh dövlət qurumu - Kənd Təsərrüfatı Nazirliyidir.
Kənd Təsərrüfatı Nazirliyi maraqlı tarixi yol keçmişdir. 1918-ci il may ayında Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi, 1918-ci ilin oktyabrında Dövlət Əmlakı və Əkinçilik Nazirliyi və 1920-ci ildə yaradılan Dövlət Torpaq Komissarlığı adları altında 1946-cı ilədək fəaliyyət göstərmişdir.
1946-cı ilin yanvarında Torpaq Komissarlığı Əkinçilik Nazirliyinə, həmin ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinə çevrildi. Nazirlər Sovetinin 15 fevral 1947-ci il tarixli qərarı ilə Texniki Bitkilər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil edildi.
Azərbaycan KP MK və Nazirlər Sovetinin 3 dekabr 1985-ci il tarixli 392 nömrəli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının İstehsalat-Texniki Təminatı Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı. 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir.