Biz hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyilik, baxmayaraq, uzun illərdir, deyərdim, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindəyik. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf sizin dediklərinizdir.
Modern.az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində səsləndirib.
Dövlət başısı qeyd edib ki, Proteksionizm, ikili standartlar, tariflər - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir:
"Biz görürük ki, ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir.
Buna görə də biz danışıqlar prosesindəyik. Lakin, eyni zamanda, biz üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Bizi narahat edən məqamlardan biri bizim indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, bizim sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək bizim ixracın əsas hissəsi qazıntı enerji növləridir. Bunun üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Ölkə əmtəələrini bazarda satır.
Beləliklə, bazarlarını bütün dünyaya açmaqla Ümumdünya Ticarət Təşkilatına üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər. Beləliklə, biz bu prosesi balanslaşdırırıq və gələcək danışıqlar prosesində maksimum müsbət şərtləri əldə etməyə çalışırıq. Mən artıq demişəm ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. Bizim ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım deyil. Biz malik olduqlarımızı itirmək istəmirik. Lakin, eyni zamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, - istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı, - qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan gedər".
İlham Əliyev bildirib ki, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş olub:
"Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq".