Modern.az

Neft nə qədər ucuzlaşacaq...

Neft nə qədər ucuzlaşacaq...

İqtisadiyyat

10 Aprel 2025, 15:05

Aprelin əvvəlindən "Brent" markalı neftin qiyməti təxminən 20 faiz ucuzlaşıb. Hazırda bir barel "Brent" nefti 60 dollar ətrafında satılır. Rusiyanın "Urals" neftinin qiyməti isə 50 ABŞ dollarından aşağı düşüb və bu ucuzlaşma bəlkə də davam edəcək. Dünya bazarı artıq qeyri-müəyyənlik zonasına düşür.  

2025-ci ildə neft qiymətlərinin yüksək olmayacağı əvvəldən gözlənilən idi. Keçən il Beynəlxalq Enerji Agentliyi (IEA) bazarda təklifin tələbi üstələyəcəyini xəbərdar etmişdi, yəni bazarda tələbatdan çox neft olacaq. 2024-cü ildə "Brent" neftinin qiyməti 80 dollar ətrafında olsa da, 2025-ci il üçün əksər mütəxəssislər qiyməti  70 dollar proqnozlaşdırırdılar.

Analitik mərkəzlər hesab edir ki. Trampın apardığı "tarif müharibəsi" davam edərsə, qlobal iqtisadiyyat resessiyaya düşə bilər. "JP Morqan" investisiya bankı bu ehtimalı 60 faiz qiymətləndirir. "Deutsche Bank" isə yüksək rüsumların gələcək illər, hətta onilliklər ərzində də iqtisadiyyata təsir edəcəyi ilə bağlı xəbərdarlıq edir.

Trampın yeni rüsumlarının tətbiqinə başladığı gündə OPEK+ ölkələri neft istehsalını artıracaqlarını elan etdilər. Əvvəlcə istehsalı tədricən artırmağı planlaşdırısalar da sonradan  may ayında gündəlik istehsalı 411 min barel artıracaqlarını bəyan etdilər.

Modern.az bildirir ki, ABŞ-nin tətbiq etdiyi tarif müharibələri və OPEK+ ölkələrinin istehsalı artırması neft qiymətlərini ciddi şəkildə təsir edə bilər.

“Tarif müharibələri” qlobal iqtisadiyyatın zəifləməsinə və nəticədə neftə olan tələbin azaldılmasına səbəb ola bilər. Çin dünyanın ən böyük neft idxalçısıdır və bu ölkənin iqtisadiyyatının zəifləməsi neftə olan tələbatın azalması ilə nəticələnəcək. Eyni zamanda digər Asiya ölkələri, xüsusilə Vyetnam, İndoneziya, Malayziya və Filippin ABŞ-ın yüksək tarif siyasətindən əhəmiyyətli dərəcədə təsirlənə bilər. Bu ölkələr son illər əsas neft alıcıları kimi çıxış edir.

Qiymətlərin kəskin düşməsi ABŞ-ın neft istehsalçıları üçün sərfəli deyil. Çünki bir çox şelf yataqları qiymət 50 dollar və ya daha yüksək olduqda rentabellidir.

2025-ci il üçün neft qiymətləri ilə bağlı müxtəlif proqnozlar mövcuddur.

Beynəlxalq Enerji Agentliyinin mütəxəssisləri (IEA) dünya iqtisadiyyatının zəif artımı və yüksək təklif qarşısında neftin qiymətlərinin aşağı olacağını gözləyirlər.

İqtisadi böhran ssenarisi

ABŞ-nin “tarif müharibəsi” davam edərsə və qlobal iqtisadiyyat daha da zəifləyərsə, neft qiymətləri bir barel üçün 50-55 ABŞ dolları arasında dəyişə bilər. Bu vəziyyətdə dünya üzrə neftə olan tələbatın əhəmiyyətli dərəcədə azalması və təklifin artması qiymətlərin kəskin düşməsinə səbəb ola bilər. Məsələn, "Goldman Sachs" və "Deutsche Bank" belə bir senaridə "Brent" neftinin qiymətinin 54 ABŞ dollarına qədər düşə biləcəyini proqnozlaşdırır.

Optimist ssenari

Əgər ziddiyyyətlər aradan qalxarsa və OPEK+ ölkələri istehsalı daha mülayim artırarsa, neft qiymətləri 60-65 ABŞ dolları səviyyəsində qalacaq. Bu qiymət həmçinin ABŞ şelf neft istehsalçıları üçün rentabelliliyi təmin edəcək. Analitiklər bu ssenarini,iqtisadi şərtlərin yaxşılaşması və ticarət münasibətlərində müsbət dəyişikliklərlə əlaqələndirirlər.

Pessimist ssenari

“Tarif müharibələri”nin daha da dərinləşməsi və dünya iqtisadiyyatının resessiyaya düşməsi vəziyyətində neft qiymətləri 50 dollardan aşağı enə bilər. Bu halda Rusiyanın Urals neftinin qiyməti 40-45 dollara qədər düşə bilər ki, bu da Rusiya və digər neft ixracatçı ölkələr üçün ciddi iqtisadi təzyiqlər yaradacaq.

2025-ci ildə neft qiymətlərinin necə formalaşacağı barədə müxtəlif beynəlxalq təşkilatlar və analitiklər fərqli proqnozlar təqdim edirlər.

Beynəlxalq Enerji Agentliyi enerji bazarlarında qeyri-müəyyənliyin davam edəcəyini və alternativ enerji mənbələrinin artmasının tələbi zəiflədəcəyini qeyd edir. Bu səbəbdən qiymətlərin 60-65 dolları arasında dəyişəcəyi ehtimal olunur.

Beynəlxalq Valyuta Fondunda hesab edirlər ki, iqtisadi zəiflik və tələbin azalması neftin qiymətini aşağı salacaq. Xüsusilə Çin və Avropada iqtisadi tənəzzülün davam etməsi tələbi daha da azaldacaq. Təşkilat qiymətlərin 50-60 dollar arasında olacağını proqnozlaşdırır.

Goldman Saksın analitikləri 2025-ci il üçün neft qiymətinin 58-62 dollar arasında olacağını gözləyir. Şirkət ABŞ-ın şelf neft istehsalının daha da artması və OPEK+ ölkələrinin istehsalı artırması ilə qiymətlərin bu aralıqda formalaşacağını qeyd edir.

JP Morqan investisiya bankı  2025-ci ildə neft qiymətlərinin 55-60 dollar arasında olacağını proqnozlaşdırır. Şirkətin mütəxəssisləri  qlobal iqtisadiyyatda resessiya riski və ticarət müharibələrinin davam etməsi nəticəsində qiymətlərin bu səviyyədə olacağını bildidrir.

OPEK təşkilatı 2025-ci il üçün qiymətlərin 60-70 dollar arasında dəyişəcəyinə ümid edir. OPEK istehsalını artıraraq bazar payını genişləndirməyi planlaşdırır. OPEK-in proqnozu həm də qlobal iqtisadiyyatın bərpa ehtimalına əsaslanır.

Beynəlxalq Enerji Forumu (IEF) 2025-ci ildə Brent markalı neftin qiymətinin 65-70 ABŞ dolları arasında sabit qalacağını gözləyir. Bu proqnoz daha optimist bir iqtisadi şəraitin, xüsusilə ticarət müharibələrinin sona çatması ehtimalı ilə bağlıdır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər