Modern.az

Azərbaycan-Çin münasibətlərinin inkişafı qlobal iqtisadiyyata mühüm töhfə verəcək

Azərbaycan-Çin münasibətlərinin inkişafı qlobal iqtisadiyyata mühüm töhfə verəcək

İqtisadiyyat

23 Aprel 2025, 17:02

Azərbaycan və Çin arasındakı münasibətlər 2024-cü ildə Astanada qəbul olunmuş Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədən sonra yeni mərhələyə qədəm qoydu. Bu gün iki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsi əlaqələrimizin daha da gücləndirilməsi üçün potensialın mövcudluğundan xəbər verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına səfəri də məhz münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etdiyini,  qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda möhkəmləndiyini göstərir. Çinlə əməkdaşlığın güclənməsi təkcə iqtisadi və diplomatik deyil, həm də regionaı sülhə, təhlükəsizliyə və inkişada xidmət edir.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Mirkişili bildirib.

Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində Çin 4-cü, idxalında isə 1-ci yerdə qərarlaşdığını diqqətə çatdıran millət vəkilinin sözlərinə görə, 19 trilyon dollarlıq iqtisadi gücə malik olan bir ölkə ilə münasibətləri inkişaf etdirmək Azərbaycan üçün olduqca vacibdir: “Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri Orta Dəhlizin inkişafına və Şərq-Qərb arasında nəqliyyat daşımasının vacib hissəsinə çevrilməsinə yönəlib.Mühüm nəqliyyat dəhlizlərinin keçdiyi ölkəmiz tərəfdaşlarının lazımı etimadını qazanıb. Çinin Azərbaycanın suverenliyinə hörmətlə yanaşması, təşəbbüsü olduğu “Bir kəmər bir yol” layihəsində ölkəmizin iştirakına önəm verməsi və digər məqamlar maraqlarımıza cavab verir. İki ölkə arasında nəqliyyat imkanlarının inkişaf etməsi təkcə Çin məhsullarının ölkəmizə idxalına deyil, həmçinin Azərbaycan məhsullarının Çin bazarına çıxarılmasına mühüm şərait yaratmaqdadır. Azərbaycan iqtisadiyyatına getdikcə daha çox Çin investisiyalarının yatırıldığını müşahidə edirik. Regionda baş verən münaqişələr fonunda Azərbaycanda sabitliyin və sağlam iqtisadi mühitin mövcudluğu ölkəmizi investorlar üçün cəlbedici edir. Rusiya ərazisində və Qırmızı dənizdə hərbi gərginliyin artması da Şərq və Qərb arasındakı Orta Dəhlizə təlabatı artırır. 10-a yaxın ölkənin ərazisindən keçən və bütün iştirakçı ölkələri bir-biri ilə əməkdaşlığa sövq edən, onları İqtisadi tərəfdaş halına gətirən bu layihə həm maraqlı bir əməkdaşlıq platformasıdır. Orta dəhlizin açar ölkəsi, heç şübhəsiz ki, Azərbaycandır. Ölkə Prezidenti cənab İlham Əliyevin Çinin “Sinxua” agentliyinə verdiyi müsahibədə göstərdiyi kimi, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib.

Azərbaycanın öz infrastrukturunu sürətlə inkişaf etdirməsi nəticəsində son 1 ildə bu dəhlizdən daşınan yüklərin həcmi xeyli artmışdır. Orta Dəhliz həm də mühüm bir beynəlxalq layihədir. Çin və Avropa Birliyi arasında ticarət həcmi 800 mlrd dollara yaxınlaşmaqdadır. Dünyanın gələcək İqtisadi inkişafı ölkələr arasında ticarətin həcmini artmasından asılıdır. Nəqliyyat imkanları olmadan ticarət həcminin artmasından danışmaq mümkün deyil. Bu mənada Azərbaycan-Çin münasibətlərinin inkişafı həm də qlobal iqtisadiyyata mühüm töhfə verəcək. Hazırda ölkələrimiz arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır”.

Deputat onu da bildirib ki, Azərbaycanın "Bir kəmər, bir yol" layihəsində oynadığı rol olduqca strateji əhəmiyyət kəsb edir: “Bu mövqe Çin tərəfindən də yüksək qiymətləndirilir. 2500 il bundan öncə qədim İpək Yolu vasitəsilə iki ölkə arasında ticari və mədəni əlaqələr bu gün də müasir dövrün tələblərinə uyğun olaraq davam etdirirlir. Ən əsası əlaqələrimizin genişləndirilməsi üçün hər iki dövlət başçısının siyasi iradəsi mövcuddur. Xatırladım ki, 2019-cu ildə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan yeganə dövlət başçısı Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpinin qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi həm də dövlətimizin başçısına olan yüksək etimaddan xəbər verir. Ölkələrimiz arasında coğrafi məsafə uzun olsa da, sıx əlaqələrimizin və güclü əməkdaşlığımızın mövcudluğu bizi bir-birimizə edir. Düşünürəm ki, dünyanın ən güclü iqtisadi imkanlarına malik ölkələrdən biri olan Çinlə əlaqələri gücləndirmək Azərbaycan dövlət başçısının siyasi uzaqgörənliyini bir daha təsdiq edir”.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər