2023-cü ildə müflis elan edilərək ləğv prosesinə daxil olan “Günay Bank” ASC və “Muğan Bank” ASC üzrə qorunan əmanətçilərə ödənişlər böyük ölçüdə başa çatdırılıb.
Modern.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasına əsasən 2024-cü il dekabrın 30-na olan məlumata görə, “Günay Bank” üzrə qorunan əmanətçilərin 98 faizi, “Muğan Bank” üzrə isə 97 faizi öz vəsaitlərini geri alıb.
Belə ki, “Günay Bank”ın ləğv prosesi çərçivəsində 2 209 nəfər əmanətçiyə ümumilikdə 34,3 milyon manat, “Muğan Bank” üzrə isə 7 689 nəfər əmanətçiyə təxminən 199 milyon manat kompensasiya ödənilib.
Qeyd edək ki, bu göstəricilər, əmanətlərin sığortalanması və qorunan əmanətçilərin hüquqlarının təmin olunması baxımından əhəmiyyətli uğur hesab olunur. Ödəniş prosesi Əmanətlərin Sığortalanması Fondu tərəfindən mərhələli şəkildə həyata keçirilib.
Maliyyə bazarlarında sabitliyin qorunması və əmanətçilərin maraqlarının təmin olunması baxımından bu nəticələr bank sektorunun tənzimlənməsində effektiv idarəetmənin göstəricisidir.