COMEX birjasında gümüş fyuçerslərinin qiymətində ciddi artım qeydə alınıb. İyul ayı tədarükü üçün müqavilələr üzrə qiymət 3,92% bahalaşaraq bir unsiya üçün 36,01 dollara çatıb. Bu, son 13 ilin ən yüksək göstəricisidir. Gümüş sonuncu dəfə bu səviyyədə 2012-ci ilin fevralında ticarət olunub.
Modern.az xəbər verir ki, qiymətli metal bu ilin əvvəlindən bəri ümumilikdə 22,5 % bahalaşıb. Hazırda gümüş bir unsiya üçün 35,89 dollardan ticarət olunur.
Son aylarda gümüş əsasən 32–33,5 dollar aralığında satılırdı. Ancaq bazarda müşahidə olunan müsbət dinamika qiyməti bu aralıqdan yuxarıya daşıyıb.
Mütəxəssislər bildirirlər ki, gümüş qızıldan fərqli olaraq, yalnız qiymətli metal deyil, həm də sənaye üçün əhəmiyyətli xammaldır. Buna görə də ABŞ və onun əsas ticarət tərəfdaşları arasında aparılan tarif danışıqlarında irəliləyişlə bağlı xəbərlər gümüşə olan tələbatı artırıb. Bu vəziyyət qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub.
Analitiklər hesab edirlər ki, qlobal iqtisadi sabitlik davam edərsə gümüşün qiyməti yaxın müddətdə 37–38 dollar aralığına qədər yüksələ bilər. Metal həm sənaye sahələri, həm də investorlar üçün strateji alət kimi aktuallığını qoruyur.