Modern.az

Çin Azərbaycandan toyuq ayaqlarını niyə alır?

Çin Azərbaycandan toyuq ayaqlarını niyə alır?

İqtisadiyyat

5 İyun 2025, 17:00

Azərbaycandan Çinə toyuq ayaqları məhsulunun ixracına rəsmi icazə verilib. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İdarə Heyətinin sədri Yusif Abdullayev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Çinə məhsul ixracı üçün müvafiq qurumların təsdiqi və xüsusi prosedurlar tələb olunur. Hazırda icazə verilmiş məhsullar arasında toyuq ayaqları da yer alır.

Bəs Çin kimi istehsal imkanları tanınan ölkə niyə məhz Azərbaycandan toyuq ayaqları alır?

Modern.az xəbər verir ki, bu məhsul Çində çox populyar olan qida növlərindən biridir. Çin mətbəxində toyuq ayaqları uzun illərdir ki, məşhur qəlyanaltı və isti yeməklərin tərkib hissəsidir. Xüsusi souslarla marinad edilərək bişirilən və ya soyudulub təqdim edilən bu məhsul ölkədə “feniks caynaqları” adı ilə tanınır və böyük zövqlə istehlak olunur.

Qərb ölkələrində çox zaman tullantı və ya az dəyərli hissə hesab edilən toyuq ayaqları Çində əksinə, yüksək tələb olunan bir qida məhsuludur. Əhalisinin sayı 1,4 milyardı keçən bu ölkədə qida məhsullarına olan tələbat son dərəcə yüksəkdir. Yerli istehsal bu ehtiyacı tam qarşılamadığı üçün Çin xaricdən idxala üstünlük verir.

Azərbaycandan toyuq ayaqlarının ixracı isə həm iqtisadi, həm də strateji baxımdan önəmli addım sayılır. Belə ki, bu ixrac kanalı yerli quşçuluq sektorunun inkişafına təkan verir, qeyri-neft ixracının həcmini genişləndirir və Azərbaycan məhsullarının beynəlxalq bazarlarda daha çox tanınmasına şərait yaradır.

Mütəxəssislər hesab edirlər ki, bu addım ölkənin ixrac səbətinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və Çin kimi nəhəng bazara çıxış yerli istehsalçılar üçün yeni imkanlar yaradır.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi