Bu ilin mayın 1-nə olan məlumata görə, Azərbaycanda vaxtı keçmiş (problemli) kreditlərin ümumi məbləği 451,7 milyon manat təşkil edir.
Modern.az Mərkəzi Bankın statistik məlumatılarına istinadən xəbər verir ki, görə problemli kreditlərin əksəriyyəti Bakı şəhərində cəmlənib – 344,9 milyon manat. Bu ölkə üzrə ümumi məbləğin təxminən 76 faizinə bərabərdir.
Reytinqdə ikinci pillədə 16,5 milyon manatla Sumqayıt, üçüncü yerdə isə 12 milyon manatla Gəncə qərarlaşıb. Bu 3 şəhər birlikdə ölkədəki gecikmiş kreditlərin 83 faizindən çoxunu təşkil edir.
Bölgələr üzrə statistikaya baxdıqda Abşeron rayonu (7 milyon manat), Şəmkir (4,9 milyon manat), Naxçıvan şəhəri (4,3 milyon manat) və Neftçala (4 milyon manat) ən yüksək göstəricilərə malik rayonlar sırasındadır.
Lerik, Oğuz, Şabran, Yardımlı və Naftalan kimi rayonlarda problemli kreditlərin məbləği 0,1 milyon manat (yəni 100 min manat) və ya ondan da aşağıdır.
Ekspertlər bildirir ki, gecikmiş kreditlərin böyük hissəsinin bir neçə şəhərdə – xüsusilə Bakıda toplanması maliyyə sistemində riski artırır. Bu banklar üçün əlavə təzyiqlər yarada və kredit portfellərinin sağlamlığını poza bilər.
Mütəxəssislər hesab edirlər ki, maliyyə institutları regionlar üzrə şaxələndirilmiş kredit strategiyası həyata keçirməli, xüsusən də inkişafdan geridə qalan bölgələrdə maliyyə xidmətlərinin əlçatanlığını artırmalıdır.