İsrailin İranın nüvə obyektlərinə hücum etməsi qlobal maliyyə bazarlarında ciddi dalğalanma yaradıb. Orta Şərqdə artan hərbi-siyasi gərginlik fonunda investorlar riskli aktivləri tərk edərək qızıl və dollar kimi təhlükəsiz sayılan alətlərə yönəlməyə başlayıb.
Modern.az xəbər verir ki, hücumdan sonra xam neftin qiyməti gün ərzində 13 faizədək artıb. Qızılın qiyməti isə 1 faizdən çox bahalaşıb. ABŞ fond indeksləri təxminən 1,5 faiz dəyər itirib, Asiya birjalarında isə 0,4 faiz eniş qeydə alınıb.
Maliyyə bazarlarında riskin artması ABŞ dövlət istiqrazlarına marağı artırıb. Nəticədə 10 illik istiqrazların gəlirliliyi 3 baza bəndi azalaraq 4,33 faizə enib. Valyuta bazarlarında da hərəkətlilik müşahidə olunub: Yapon yeni dollar qarşısında 0,1 faiz zəifləyərək USD/JPY 143,63 səviyyəsinə çatıb.
ABŞ dolları bu səhər G10 ölkələrinin əksər valyutaları qarşısında güclənsə də yalnız İsveçrə frankı qarşısında zəifləyib. Türk lirəsi isə 0,2 faiz dəyər itirərək 1 dollar 39,43 TL səviyyəsində ticarət olunub.
Vilson Asset Management şirkətinin portfel meneceri Mettyu Haupt mövcud vəziyyəti belə şərh edib: “Hazırda klassik riskdən qaçış davranışları müşahidə olunur. Əsas sual budur ki, Tehran bu hücuma necə və nə zaman cavab verəcək. Bazarların necə hərəkət edəcəyi də məhz buna bağlı olacaq.”
Analitiklər hesab edirlər ki, Orta Şərqdə vəziyyətin kəskinləşməsi qlobal iqtisadi təhlükəsizlik üçün yeni təzyiqlər yarada bilər. Qarşıdakı günlərdə gərginliyin səviyyəsi və diplomatik reaksiyalar bazarlarda istiqaməti müəyyən edəcək.