Modern.az

Qızıl dolları əvəz edə bilərmi? – Reallıqlar, illüziyalar və gözləntilər

Qızıl dolları əvəz edə bilərmi? – Reallıqlar, illüziyalar və gözləntilər

İqtisadiyyat

19 İyun 2025, 09:56

Dünya iqtisadiyyatında qlobal dəyişikliklər baş verir. Onilliklərdir hegemon mövqedə olan ABŞ dollarına qarşı etimad tədricən sarsılır. Geosiyasi gərginliklər, sanksiyalar, ticarət müharibələri və pul siyasətinə olan inamsızlıq ölkələri alternativ həll yolları axtarmağa vadar edir. Bəs görəsən, qızıl dolları tam şəkildə əvəz edə bilərmi?

Amerika Birləşmiş Ştatlar dolları Bretton Vuds sistemindən bu yana dünya ticarətinin və maliyyə hesablaşmalarının əsası olub. Enerji məhsulları, neft və qaz da daxil olmaqla, demək olar ki bütün məhsul və xidmətlə əsasən dollarla ticarət olunur. Lakin son illər baş verən qlobal dəyişikliklər – xüsusilə Rusiya-Ukrayna müharibəsi, Çin-ABŞ ticarət toqquşmaları və mərkəzi bankların faiz artımları dolların sabitliyi ilə bağlı suallar doğurur.

Dünya Qızıl Şurası tərəfindən aparılan sorğuya əsasən 73 ölkənin mərkəzi banklarının əksəriyyəti yaxın 5 ildə ehtiyatlarında dolların payını azaltmağı, əvəzində isə qızıl ehtiyatlarını artırmağı planlaşdırır. Bu, yeni bir qlobal maliyyə düzəninə keçidin ilkin əlamətləri kimi qiymətləndirilir.

Tarix boyu qızıl etibarlı dəyər ölçüsü və valyuta kimi çıxış edib. XIX əsrdə qızıl standartı sistemi çərçivəsində ölkələrin milli valyutaları müəyyən miqdarda qızıla bağlı idi. Bu sistem inflyasiyanı ciddi şəkildə nəzarətdə saxlamaqla iqtisadi sabitlik yaratsa da eyni zamanda pul siyasətində çevikliyi məhdudlaşdırırdı.

1929-cu il Böyük Depressiyası qızıl əsaslı sistemin böhranlara qarşı nə qədər dayanıqsız olduğunu göstərdi. ABŞ bu sistemdən 1933-cü ildə imtina etdi. İkinci Dünya Müharibəsindən sonra isə Bretton Vuds sistemi valyutaları dollar üzərindən qızıl ilə əlaqələndirdi. Amma 1971-ci ildə bu bağ tamamilə qoparıldı – ABŞ dolları qızıl təminatından azad oldu.

Hazırda dünya üzrə bütün mərkəzi bankların ümumi qızıl ehtiyatı təxminən 36 min tondur. Bu ehtiyatlar təqribən 4 trilyon dollar dəyərində qiymətləndirilir. Buqlobal ÜDM-in cəmi 4 faizi, alıcılıq qabiliyyəti ilə isə 2 faizidir. Yəni qızılın fiziki həcmi qlobal ticarət və maliyyə axınlarını əhatə etmək üçün yetərsizdir.

Əgər dünya iqtisadiyyatı yalnız qızıl əsasında idarə olunacaqsa bu, onun qiymətinin 8–10 dəfə artmasını tələb edəcək. Belə qiymət artımı isə “qızıl balonları” yarada bilər və maliyyə sabitliyini təhdid edə bilər.

ABŞ 8133 ton qızıl ehtiyatına malikdir. Bu, dünya üzrə ən böyük dövlət qızıl ehtiyatıdır və ABŞ-ın ümumi valyuta ehtiyatlarının 75 faizini təşkil edir. Fort Knox, Federal Ehtiyat Bankı (FED) və digər strateji anbarlarda saxlanılan bu qızıl ehtiyatlarının bir hissəsinin digər ölkələrə və beynəlxalq təşkilatlara məxsus olduğu da deyilir.

Bəzi mütəxəssislər ABŞ-ın qızıl ehtiyatının tam şəffaf auditdən keçmədiyini, hətta bəzi ehtiyatların fiziki olaraq mövcudluğunun şübhə altında olduğunu iddia edir. Bu da “qızıl sistemi”nə keçidin real mexanizmlərini daha da mürəkkəbləşdirir.

Qızıl əsasında qurulan sistemdə mərkəzi bankların iqtisadiyyata çevik müdaxilə imkanları məhdudlaşır. Dövlətlər büdcə kəsirlərini örtmək, iqtisadi aktivliyi canlandırmaq və böhran dövrlərində yardım paketləri təqdim etmək imkanlarını itirirlər. Halbuki müasir dünya iqtisadiyyatı çeviklik, pul təklifi və maliyyə stimulu olmadan idarə oluna bilməz.

Məhz buna görə də bir çox ölkələr qızılı valyuta kimi deyil, riskdən sığorta vasitəsi kimi istifadə edirlər. Bu gün qızıl daha çox güvən və sabitlik simvoludur – xüsusilə geosiyasi qeyri-müəyyənliklərin artdığı bir vaxtda.

Qızılın dəyəri və rolu artmağa davam etsə də onun dünya valyutasına çevrilməsi real deyil. Ən azı indiki texniki və institusional imkanlarla. Buna görə bir çox iqtisadçılar və beynəlxalq təşkilatlar yeni “multi-valyuta sistemi”nin mümkünlüyünü müzakirə edirlər.

Belə bir sistemdə dollar, avro, yuan, rubl və hətta qızıl birgə şəkildə beynəlxalq ticarət və maliyyə axınlarını tənzimləyə bilər. Eyni zamanda, rəqəmsal valyutalar və mərkəzi bankların rəqəmsal pulları da bu strukturun bir hissəsinə çevrilə bilər.

Qızıl bu gün qlobal maliyyə sistemində lider ola bilməsə də onun gücü artmaqdadır. İnvestorlar və dövlətlər üçün etibarlı liman, valyuta risklərini diversifikasiya etmək üçün güclü vasitədir. Ancaq onu dolların tam alternativi kimi görmək – hələ ki iqtisadi və siyasi baxımdan sadəcə bir illüziyadır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu