Modern.az

İsrail-İran müharibəsi Azərbaycan turizminə təsirsiz ÖTÜŞMƏYƏCƏK

İsrail-İran müharibəsi Azərbaycan turizminə təsirsiz ÖTÜŞMƏYƏCƏK

İqtisadiyyat

19 İyun 2025, 17:10

Bugün dünya sürətlə siyasi qarşıdurmaların, iğtişaşların və münaqişələrin artdığı bir dövrü yaşayır. İran və İsrail arasında davam edən, artan gərginlik regionda geosiyasi riskləri artıraraq bir sıra qonşu ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi sahələrə, xüsusilə turizm sektoruna bir sıra təsirlər yarada bilər. Bu isə Yaxın Şərqdəki münaqişə təhlükəsizlik risklərini artıraraq Azərbaycana gələn xarici turistlərin sayına və turizm axınına mənfi təsir göstərə bilər.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il İrandan Azərbaycana 210 081 nəfər, İsraildən 28 954 nəfər gəlib.

Modern.az-a açıqlama verən turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirib ki, dünyada baş verən siyasi böhranlar və münaqişələr turizm sektoruna da təsirsiz ötüşmür:

“Ölkələr arasında sərhədlər bağlanır, aviareyslər ləğv edilir və nəticədə beynəlxalq turizm mübadiləsi iflic olur. Xüsusilə, Yaxın Şərqdə baş verən genişmiqyaslı müharibə regionumuzda turizm axınını ciddi şəkildə zəiflədib. Təbii ki, Azərbaycan üçün də bu proseslər təsirsiz qalmır. Belə ki, ölkəmizdən Asiya istiqamətində həyata keçirilən uçuşlarda – məsələn, Dubay və Doha reyslərində – böyük çətinliklər yaranır. Əgər əvvəllər bu reyslər 3 saata başa gəlirdisə, indi uçuş müddəti 6 saata qədər uzanır. Bu isə aviaşirkətlər üçün əlavə xərclər deməkdir və onların maliyyə itkilərinə səbəb olur”.

Ekspert vurğulayıb ki, bu vəziyyət müəyyən müddət davam edəcək. Əgər gərginlik uzun müddət davam edərsə,  aviaşirkətlər bu marşrutlarda fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkəcəklər:

“Bütün bu əngəllərə baxmayaraq, Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində ölkəmiz bu münaqişələrdən uzaqdır. Biz öz süveren ərazilərimizi bərpa etmişik və bu, bizim üçün artıq geridə qalmış bir dövrdür. Hazırda Azərbaycan heç bir qonşu ölkə ilə münaqişə yaşamır. Ümid edirik ki, yaxın vaxtlarda Ermənistanla da sülh sazişi imzalanacaq və regionda tam sabitlik bərqərar olacaq. Bu, həm dövlətimizin, həm də xalqımızın arzusudur”.

R.Quliyev əlavə edib ki, Azərbaycanın strateji məqsədi həmişə iqtisadiyyatı gücləndirmək və xalqın rifahını təmin etmək olub:

“Bu istiqamətdə mühüm addımlar atılıb, müxtəlif sahələrdə inkişaf müşahidə edilir. Ancaq təəssüf ki, ətraf regiondakı gərginliklərin təsirindən tam yan keçmək mümkün deyil. Məsələn, İrandan və İsraildən Azərbaycana turist axını demək olar ki, dayanıb, bu da iqtisadiyyatımıza müəyyən dərəcədə təsir edir”.

Bundan əlavə, aviareyslərin marşrutlarının dəyişdirilməsi turistlərin səfərlərini çətinləşdirir ki, bu da turizm sektoruna mənfi təsir göstərir:

“Ümid edirik ki, yaxın vaxtlarda bu gərginlik sona çatacaq və ölkələr arasında turizm mübadiləsi bərpa olunacaq. Belə münaqişələr uzun müddət davam edə bilməz, lakin bəzi hallarda, məsələn, Rusiya-Ukrayna müharibəsində olduğu kimi, bu proses illərlə uzana bilir və hər iki ölkə bundan ciddi zərər görür. Ümumiyyətlə, müharibələr gedən ölkələrdə – istər Rusiya, istər Ukrayna, istərsə də İran və İsraildə sosial rifah aşağı düşür, insanların alıcılıq qabiliyyəti zəifləyir və nəticədə turist axını azalır. Bu, təbii olaraq Azərbaycana da dolayısı ilə təsir edir”.

Son olaraq ekspert onu da qeyd edib ki, bu problemlərin həlli üçün ciddi addımlar atılmalıdır:

“Lakin vəziyyətin yaxın günlərdə dəyişəcəyini gözləmək real deyil. Ümid edək ki, bir neçə ay ərzində regionda sabitlik bərpa olunacaq və turizm sektoru yenidən canlanacaq”.

Aytac Bəhruzqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!