İsveçrənin “UBS Group AG” maliyyə qurumu “Qlobal Sərvət Hesabatı 2024”-ü aşıqlayıb.
Modern.az xəbər verir ki, ötən il dünyada dollar milyonçularının sayı 684 min nəfər artaraq təxminən 60 milyona çatıb. Bu da hər gün orta hesabla 2 min yeni milyonçunun ortaya çıxması deməkdir.
Hesabatda diqqətçəkən əsas məqam isə milyonçuların ən sürətli artdığı ölkənin Türkiyə olmasıdır. Belə ki, Türkiyədə dollar milyonçularının sayı 8,4 faiz artaraq 68 min nəfərə yaxınlaşıb. Bu, dünya üzrə orta göstəricidən (1,2 faiz) dəfələrlə yüksəkdir.
UBS-in məlumatına görə Türkiədə adambaşına düşən sərvət nominal olaraq 35 faizdən çox artsa da inflyasiyanın təsiri ilə real sərvət əslində 14,6% azalıb. Paralel olaraq ölkədə gəlir bölgüsündə bərabərsizlik də artıb.
Türkiyədən sonra milyonçuların artım tempinə görə ikinci yerdə Birləşmiş Ərəb Əmirlikləri, üçüncü yerdə isə Rusiya qərarlaşıb.
Ən çox milyonçusu olan ölkə isə dəyişməz olaraq ABŞ-dır – burada təxminən 24 milyon dollar milyonçusu var. Onun ardınca Çin (6,3 milyon) və Fransa (təxminən 3 milyon) gəlir.
UBS-in proqnozuna əsasən, 2029-cu ilə qədər dünyada 5 milyondan çox insanın dollar milyonçusu olacağı gözlənilir.