ABŞ-ın nüfuzlu investisiya bankı "Goldman Sachs" Hörmüz boğazında mümkün kəsinti risklərinə diqqət çəkərək qlobal enerji bazarına dair yeni proqnoz açıqlayıb.
Modern.az xəbər verir ki, bankın təhlilinə görə Brent markalı neftin qiyməti qısamüddətli dövrdə 110 dollaradək yüksələ bilər.
Bank hesab edir ki, bu kimi geosiyasi risklər qlobal enerji balansında ciddi təlatümlərə yol açacaq. Lakin qiymətlərdəki yüksəliş uzunmüddətli olmayacaq. 2025-ci ilin son rübündə Brent neftinin ortalama qiymətinin 95 dollar səviyyəsində sabitləşəcəyi gözlənilir.
Qeyd olunur ki, bazarlarının likvidliyi məhdud olsa da investorlar artıq İranın Hörmüz boğazını bağlama ehtimalını 52 faiz qiymətləndirir.
Goldman əlavə edir ki, İranın gündəlik neft ixracında 1,75 milyon barellik azalma Brent qiymətlərini təqribən 90 dollara çatdıra bilər.
Xatırladaq ki, Hörmüz boğazı dünya neft ticarətinin təxminən üçdə birinin həyata keçirildiyi strateji keçiddir. Regionda baş verəcək hər hansı gərginlik enerji bazarlarında qeyri-sabitliyə səbəb ola bilər.