145 il əvvəl Bakının neft qoxan küçələrindən birində ilk dəfə “dəmir at”ın fit səsi eşidildi. O gündən sonra Bakıda zaman öz ritmini dəyişdi, relslər uzandı, şəhər sənaye dövrünün ən qızğın mərhələsinə qədəm qoydu. Artıq bir çoxları anlayırdı ki, şəhərin sənaye mənzərəsi əvvəlki kimi olmayacaq...
1880-ci ildə Azərbaycanın ilk dəmir yolu xətti istifadəyə verilib. Bakı-Sabunçu-Suraxanı xəttinin uzunluğu cəmi 20 kilometr olsa da, ölkənin iqtisadi və sosial həyatında açdığı “yol” bundan qat-qat uzundu.
Dəmir yolu xəttinin tikintisinə 1878-ci ilin sonunda başlanılıb, iki il sonra 1880-ci il yanvarın 20-də təntənəli şəkildə açılış mərasimi keçirilib. Bakıda sadə, lakin dövrün tələblərinə cavab verən bir sərnişin vağzalı tikilmişdi.
Yeni dəmir yolu ilk başda yalnız neftin daşınması üçün nəzərdə tutulmuşdu. Dünyada ilk dəfə məhz burada - Bakı-Sabunçu xəttində neft vaqon-sisternlər vasitəsilə dəmir yoluyla daşınmağa başladı. Bu hadisə sənaye tarixində də bir ilk idi. Amma çox keçmədi ki, relslər yalnız yük deyil, insanları da daşımağa başladı. Bakıdan Sabunçuya 50-60 dəqiqəyə, Suraxanıya isə 90 dəqiqəyə getmək mümkün idi.
Boru kəmərlərinin genişlənməsi ilə yük daşımalarının rolu bir qədər dəyişdi və Bakı-Sabunçu-Suraxanı xətti getdikcə daha çox sərnişinlərin xidmətinə verildi. Artıq bu relslər Bakının gündəlik həyatının bir hissəsinə çevrilmişdi, səhər-axşam qatarların fit səsi Abşeron yarımadasında yeni dövrün başlanğıcından xəbər verirdi.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan dəmir yolları Qafqazın dəmir yolu şəbəkəsinə sıx inteqrasiya olunmağa başladı. 1900-cü ildə Bakı-Dərbənd-Port-Petrovsk (Mahaçqala) xəttinin istifadəyə verilməsi ilə Azərbaycan şimal istiqamətində Rusiyanın əsas sənaye bölgələri ilə birbaşa dəmir yolu bağlantısı quruldu. Bu yeni xəttin çəkilməsi neft və digər sənaye məhsullarının ixracını kəskin şəkildə artırdı. Belə ki, yalnız 1901-ci ildə şimala 845 min ton neft daşınıb. Bakı dəmir yolları artıq Xəzər və Qara dəniz limanlarını birləşdirən əsas tranzit arteriyaya çevrilmişdi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yollar Nazirliyi yaradıldı və dəmir yollarının idarə olunması dövlətin prioritet sahələrindən biri oldu. Məhz bu dövrdə ilk peşəkar milli kadrlar, Xudadat bəy Məlik-Aslanov kimi mütəxəssislər dəmir yolu sisteminin inkişafına rəhbərlik edirdi.
1926-cı ildə isə SSRİ məkanında ilk elektrikləşdirilmiş dəmir yolu xətti Bakı-Sabunçu-Suraxanı xəttində istifadəyə verildi. 1941-1945-ci illərdə müharibənin ən ağır dövrlərində Azərbaycan dəmir yolları cəbhəyə 600 mindən çox sistern neft və 700 min vaqon yük göndərərək qələbəyə mühüm töhfə verdi. 1955-ci ildən isə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil status qazandı və regionun ən strateji nəqliyyat şəbəkələrindən birinə çevrildi.
Beləcə, Azərbaycan Dəmir Yolları yarandığı gündən indiyədək həm iqtisadi yüksəlişin, həm də çətin zamanların əsas dayaqlarından biri oldu. İkinci Dünya müharibəsi illərində ön cəbhəyə neft daşınan dəmir yolları müstəqiliyin ilk illərində işğala məruz qalan Qarabağda insanların köməyinə çatdı. Qeyd edək ki, dəmir yollarına məxsus sanitar qatarları həmin illərdə yaralıları ən ağır cəbhə bölgələrindən çıxarır, onlara tibbi yardım göstərirdi.
145 il sonra…
Bu gün Azərbaycan dəmir yolları tamamilə yeni mərhələyə qədəm qoyub. Coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Azərbaycana unikal üstünlüklər qazandırıb. Bir vaxtlar neftlə dolu vaqon-sisternlər, müharibə illərində silah-sursat, əsgər, sonrakı illərdə isə minlərlə sərnişini daşıyan relslər indi beynəlxalq ticarətin əsas marşrutlarından biri hesab edilir.
Son illərdə Azərbaycanın dəmir yolları artıq regional nəqliyyat sisteminin deyil, qlobal yükdaşımaların əsas marşrutlarının bir hissəsinə çevrilir. 2024-cü ilin nəticələri bu tendensiyanı açıq şəkildə sübut edir. Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən il ərzində 18,5 milyon tondan çox yük daşınıb ki, bunun 7,3 milyon tonu tranzit yüklərin payına düşüb. Bu, əvvəlki illə müqayisədə 5,7% artım deməkdir və artım dinamikasının davam edəcəyi gözlənilir.
Ən böyük strateji əhəmiyyətə malik Orta Dəhliz üzrə isə 2024-cü il ərzində mühüm nəticələr əldə olunub. Qədim İpək Yolunun müasir formatı hesab edilən bu dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çindən başlayaraq Qazaxıstan və Xəzər dənizi üzərindən Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanır. Orta Dəhliz dünyanın logistika xəritəsində ən çevik və təhlükəsiz marşrutlardan biridir.
Bakı-Tbilisi-Qars (BTQ) xəttinin modernləşdirilməsi və illik yükötürmə qabiliyyətinin 1 milyondan 5 milyon tona çatdırılması bu dəhlizin yeni potensialını üzə çıxardı. 2024-cü ildə Çinin Sian şəhərindən Bakıya cəmi 11 günə çatan ilk konteyner blok-qatarı Azərbaycanın tranzit rolunda yeni səhifə açdı. İlin yekununa görə, Orta Dəhlizlə Çindən Azərbaycana 27 min konteyner daşınıb ki, bu da 2023-cü ildən 25 dəfə çoxdur.
Eyni zamanda, Orta Dəhlizin Qərb-Şərq istiqamətində də inkişafı diqqət mərkəzindədir. 2024-cü ilin noyabr ayında Bakıdan Çinə ilk ixrac yük qatarı yola salınıb ki, bu da yerli sahibkarlar üçün Orta Dəhliz vasitəsilə Asiya bazarlarına birbaşa çıxış imkanı yaradıb. ADY tərəfindən yaradılan “Middle Corridor Multimodal Ltd.” və “BTKI Railways MMC” kimi birgə müəssisələr bu marşrutun daha da səmərəli işləməsini və yükdaşımaların davamlı artımını təmin edir.
Şimal-Cənub dəhlizi üzrə də ciddi irəliləyişlər müşahidə olunub. 2024-cü ildə bu marşrutla daşınan yüklərin həcmi 814 min ton təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 28% artım deməkdir. Astara terminalının yenidən qurulması, sürətli gömrük keçidinin yaradılması və multimodal daşımalar üçün yeni texniki imkanlar sayəsində Azərbaycan bu dəhliz üzrə də əsas tranzit ölkəyə çevrilir.
Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhlizi üzrə yeni saziş imzalanıb, İranla Astara terminalının inkişafı və Astara-Rəşt xəttinin gələcək istifadəyə verilməsi ilə yük həcminin daha da artacağı gözlənilir. Paralel olaraq, Sumqayıt-Yalama xəttinin modernləşdirilməsi üçün Asiya İnkişaf Bankı ilə 131,5 milyon dollar məbləğində kredit sazişi bağlanıb.
Bütün bu proseslər “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri” sənədinə uyğun həyata keçirilir. Məqsəd ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi və tranzit daşımaların illik həcminin 2-4 dəfə artırılmasıdır. Bunun üçün ADY yeni xidmətlər və bazarlara çıxış imkanlarını genişləndirir, rəqəmsallaşmanı sürətləndirir və yük sahibləri üçün “bir pəncərə” yanaşmasını tətbiq edir.
Yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq dəmir yolları xəritəsindəki rolu daha da möhkəmlənəcək. Bu yeni xətt Türkiyə ilə birbaşa dəmir yolu bağlantısı yaradacaq və Orta Asiya ölkələri üçün də əlavə çıxış imkanları təqdim edəcək.
Hazırda Azərbaycan bu regional və qlobal marşrutların kəsişdiyi bir məntəqəyə çevrilib. Orta Dəhliz, Şimal-Cənub və gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə ölkə həm qonşu dövlətlərlə əməkdaşlıq qurur, həm də Cənubi Qafqazın əsas logistika platformasına çevrilir. Bu isə həm tranzit gəlirlərinin artmasına, həm də Azərbaycanın beynəlxalq nəqliyyat bazarında nüfuzunun möhkəmlənməsinə xidmət edir.
Müasir dünyaya ayaq uydurmaq...
Azərbaycan dəmir yollarında həyata keçirilən genişmiqyaslı yenilənmə prosesinin ayrılmaz tərkib hissəsi rəqəmsallaşmadır. Bu istiqamət əməliyyatların çevikliyini və beynəlxalq dəhlizlər üzrə rəqabət qabiliyyətini artıran əsas amilə çevrilib. Azərbaycan Dəmir Yolları (ADY) son illərdə bu sahədə məqsədyönlü addımlar atır, rəqəmsal həlləri həm şirkətdaxili idarəetmədə, həm də beynəlxalq yükdaşımalar və sərnişindaşıma xidmətlərində geniş tətbiq edir.
Artıq güclü İKT komandası formalaşdırılıb, təcrübəli mütəxəssislərin iştirakı ilə hazırlanmış rəqəmsallaşma strategiyası icra olunmağa başlanıb. “ADY Mobile” mobil tətbiqi sürətlə populyarlaşır, istifadəçilərin sayı 180 mini keçib. Eyni zamanda, beynəlxalq tərəfdaşlarla birgə rəqəmsal elektron imza və CIM/SMGS elektron yük qaiməsi kimi həllərin tətbiqi gömrük prosedurlarını sadələşdirir, sərhəd keçidini sürətləndirir və əməliyyat xərclərini azaldır.
Müasir “ADY Smart” platforması və onlayn tarif kalkulyatoru yük sahibləri üçün yeni imkanlar açır, artıq “bir pəncərə” prinsipi əsasında daha səmərəli və şəffaf xidmətlər təqdim olunur. Sərnişindaşıma sahəsində də yeniliklər tətbiq edilir: Abşeron dairəvi dəmir yolu üzrə artıq kağız biletlərdən tam imtina olunub, NFC dəstəkli bank kartları və QR kod ilə gediş təmin edilir. My.gov.az portalı vasitəsilə ölkədaxili qatar reyslərinə elektron şəkildə daxil olmaq mümkündür.
ADY-nin rəqəmsallaşma sahəsindəki uğurları beynəlxalq maliyyə institutlarının da diqqətini cəlb edib. 2024-cü ilin oktyabrında Asiya İnkişaf Bankı Azərbaycanın dəmir yolu sisteminin rəqəmsallaşdırılması və təhlükəsizliyin artırılması məqsədilə 47 milyon dollarlıq kredit xətti təsdiqləyib.
Hazırda ADY rəqəmsallaşma prosesini yalnız mövcud imkanların təkmilləşdirilməsi ilə məhdudlaşdırmır. Şirkət yeni xidmət modellərinin yaradılması, təchizat zəncirinin bütün mərhələlərinin rəqəmsal idarə olunması və beynəlxalq tərəfdaşlarla daha sıx inteqrasiya istiqamətində də ardıcıl iş aparır.
Konteynerləşmə və tranzit daşımaların səmərəliliyinin artırılması məqsədilə “ADY Ekspress” MMC yenidən təşkil olunaraq həm konteyner, həm də vaqonla daşımalar üzrə vahid xidmət platforması kimi çıxış edir. Bu islahatların fonunda rəqəmsal texnologiyaların tətbiqi həm müştəri məmnuniyyətini artırır, həm də Azərbaycanın tranzit rəqabət qabiliyyətini daha da möhkəmləndirir.
İndiki mərhələdə əsas hədəf rəqəmsallaşmanı beynəlxalq dəhlizlərin bütün mərhələlərinə yaymaq və Azərbaycan dəmir yollarının “ağıllı nəqliyyat sistemi” modelinə transformasiyasını təmin etməkdir.
Beləliklə, əvvəldə danışdığımız Bakı küçələrində ilk “dəmir at”ın fit səsi eşidiləndə yəqin, o zaman heç kim xəyal edə bilməzdi ki, bir gün bu relslər Çin limanlarından Avropaya, Hind okeanından Şimal dənizlərinə qədər uzanacaq. O vaxtlar Bakı-Sabunçu-Suraxanı xətti ilə ilk neft sisternləri tərpənəndə əsas məsələ neftin limana tez çatdırılması idi. İndi isə eyni şəhərdən Çinə konteyner blok-qatarları, Avropaya yüklər yola salınır.
Azərbaycan Dəmir Yolları Çar imperiyasının dövrünü, Cümhuriyyət illərini, müharibə illərinin çətinliklərini, sovet modernizasiyasını və müstəqilliyin yenidən doğuluşuna şahidlik edib. Hər mərhələdə Azərbaycan dəmir yolları sadəcə yol deyil, ölkənin taleyinin güzgüsü olub.
Bu gün relslər yenidən dəyişir. Parovozların səsi yox, rəqəmsal siqnallar eşidilir, platformaların onlayn xəritələrini görürük. Keçmişin buxarlı qatarlardan tutmuş bu günün “ağıllı” yükdaşımalarına qədər yol gəlmiş Azərbaycan dəmir yolları indi qarşıya yeni hədəf qoyub: daha çox tranzit, daha çox tərəfdaş, daha müasir infrastruktur və ən əsası yenə də yol açmaq - bu dəfə rəqəmsallığa, yeniliyə, bu dəfə Zəngəzura…
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur