Modern.az

Azərbaycanın bank sistemində hansı dəyişikliklər olub?

Azərbaycanın bank sistemində hansı dəyişikliklər olub?

İqtisadiyyat

25 İyun 2025, 12:00

Azərbaycan Mərkəzi Bankı “Statistik bülleten – May 2025” bülletenini  açıqılayıb. 

Modern.az sənədə istinadən xəbər verir ki, 2025-ci il may ayının sonuna fəaliyyət göstərən 22 bankın filiallarının sayı 494, şöbələrinin sayı isə 87 olub. Bank sektorunda çalışanların sayı 26 nəfər artaraq 25 min 965 nəfərə çatıb.

Bankların ümumi aktivləri 56 milyard 549,7 milyon manat, öhdəlikləri isə 49 milyard 690,3 milyon manat təşkil edir. May ayında bu göstəricilər müvafiq olaraq 3,6 faiz və 4,3 faiz artıb. Balans kapitalı 6 milyard 859,5 milyon manat səviyyəsindədir.

Kreditləşmə artıb

Hesabat ayında bank sektorunun kredit portfeli 1 faiz və ya 290 milyon manat artaraq 28 milyard 386,5 milyon manata çatıb. Kredit portfelində ən böyük payı 53,2 faizlə biznes kreditləri tutur – bu sahəyə 15 milyard 100 milyon manat yönəldilib. İstehlak kreditləri 31,3 faiz (8 milyard 881,9 milyon manat), ipoteka kreditləri isə 15,5 faiz (4 milyard 404,6 milyon manat) təşkil edib.

Depozitlər yenə öndədir

Bankların öhdəliklərində depozit portfeli 76,8 faizlə üstünlük təşkil edir. Bu göstərici 38 milyard 179,3 milyon manatdır. Depozitlərin 61,4 faizi hüquqi şəxslərin, 38,6 faizi isə fiziki şəxslərin payına düşür. Fiziki şəxslərin əmanətlərinin 66,7 faizi milli valyutada, 33,3 faizi isə xarici valyutada yerləşdirilib.

Müddətli əmanətlər may ayında 0,7 faiz və ya 62,7 milyon manat artaraq 9 milyard 198,5 milyon manata yüksəlib. Eyni zamanda, tələbli əmanətlər də 2,3 faiz artıb.

Əmanətçi sayında da artım müşahidə olunur. May ayı üzrə unikal müddətli əmanətçilərin sayı 2 faiz (3 205 nəfər), ilin əvvəlindən isə 9,7 faiz (14 542 nəfər) artıb.

Mənfəət göstəriciləri və xarici öhdəliklər

2025-ci ilin ilk 5 ayında bankların xalis mənfəəti 430,7 milyon manat, əməliyyat mənfəəti isə 708,2 milyon manat olub. Bu dövrdə mənfəət vergisi olaraq 109 milyon manat ödənilib.

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlindən bəri 130,8 milyon manat artaraq 2 milyard 716,2 milyon manata çatıb. Bu artım əsasən qeyri-rezident banklardan alınan qısamüddətli kreditlərlə əlaqələndirilir.

Rəqəmsallaşma sürətlənib

Nağdsız ödənişlər üzrə göstəricilər artmaqda davam edir. Ödəniş kartlarının sayı ilin əvvəlindən bəri 2,8 faiz artaraq 20 milyon 461 min ədədə çatıb. Debet kartların sayı 4 faiz artıb, kredit kartlarında isə 6,2 faiz azalma müşahidə olunub.

May ayı ərzində ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 8 milyard 74 milyon manat təşkil edib ki, bunun da 7 milyard 53 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğ isə POS-terminallar və özünəxidmət terminalları vasitəsilə həyata keçirilib.

2025-ci ilin əvvəlindən bu yana ölkədaxili nağdsız əməliyyatların ümumi kart əməliyyatlarındakı payı 67,1 faiz olub.

Şəbəkə genişlənib

Banklar və “Azərpoçt” MMC-nin ödəniş infrastrukturu genişlənməkdə davam edir. Bir il ərzində bankomatların sayı 9 faiz, POS-terminalların sayı isə 42,4 faiz artıb. Bu, rəqəmsal maliyyə xidmətlərinin əlçatanlığının genişləndiyini göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?