Modern.az

Özəl pensiya fondları DSMF-yə alternativ deyil

Özəl pensiya fondları DSMF-yə alternativ deyil

İqtisadiyyat

30 İyun 2025, 11:40

Özəl pensiya fondlarının yaradılması onların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) alternativ kimi qəbul olunması anlamına gəlməməlidir. 

Bu fikirləri Modern.az-a açıqlamasında iqtisadçı ekspert, professor Elşad Məmmədov söyləyib.

Onun fikrincə, özəl pensiya fondları yaradılsa da, DSMF-yə edilən ödənişlər əvvəlki qaydada davam etdirilməlidir:

“Əgər vətəndaşlar sərbəst qərar verərək əlavə investisiya məqsədilə şəxsi vəsaitlərini yönəltmək istəyirlərsə, o zaman müvafiq qanunvericilik çərçivəsində fəaliyyət göstərən özəl pensiya fondlarına vəsait yatırmaq imkanına malik ola bilərlər”.

İqtisadçı ekspert əlavə olaraq bildirib ki, son illər ərzində DSMF-nin idarə olunması sahəsində müsbət nəticələr əldə olunub və bu, əhalinin sosial müdafiə imkanlarını daha da genişləndirib:

“Bununla yanaşı, əgər özəl pensiya fondları mövcud olarsa, onların ölkədə investisiya mühitinə təkan verməsi də vacibdir. Belə fondlar təkcə sosial müdafiə məqsədi daşımamalı, eyni zamanda effektiv investisiya mexanizmi kimi çıxış edərək ölkənin sosial-iqtisadi mühitinə müsbət təsir göstərə bilməlidir”.

O həmçinin vurğulayıb ki, DSMF-nin investisiya fəaliyyəti ilə məşğul olması təqdirəlayiqdir və bu istiqamətdə işlər daha da genişləndirilməlidir:

“O ki qaldı özəl pensiya fondlarına yatırılan vəsaitlərin vətəndaşlar tərəfindən vaxtından əvvəl istifadə olunması imkanlarına beynəlxalq təcrübədə belə hallara rast gəlinir. Bu da onu göstərir ki, özəl pensiya fondlarının fəaliyyəti çərçivəsində bu kimi mexanizmlərin tətbiqi mümkündür”, -deyə E.Məmmədov bildirib.

Aytac Bəhruzqızı

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu