Modern.az

Azərbaycanda mebel qiymətləri niyə artır?

Azərbaycanda mebel qiymətləri niyə artır?

İqtisadiyyat

4 İyul 2025, 11:29

Azərbaycanda ev mebeli və interyer əşyalarının qiymətlərində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur.

Modern.az xəbər verir ki, bahalaşma  xüsusilə yeni mənzilə köçən və ya köhnə evi yenidən təmir edib döşəmək istəyən ailələr üçün ciddi maliyyə yükünə çevrilib.

Rəsmi statistik göstəricilər bəzi mebel dəstləri üzrə qiymətlərin 40 faizdən çox bahalaşdığını ortaya qoyur. Ən yüksək artım yataq mebeli, ortopedik döşək və mətbəx dəstləri kimi əsas məhsullar üzrə qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə  2020-ci ildə bir poqon metr mətbəx mebeli 282 manata təklif olunurdusa, indi bu qiymət 362 manata qədər yüksəlib. Mətbəx üçün masa və kətil dəstləri isə təxminən 40 faizartaraq 362 manata çatıb. Yataq otağı mebelləri üzrə qiymət dəyişiklikləri daha kəskin olub - çarpayıların qiyməti 52% artaraq 294 manata, ortopedik döşəklərin qiyməti isə 63% artaraq 186 manata qədər qalxıb. Yumşaq mebel dəstlərində də (divan və kreslo) orta hesabla 42% qiymət artımı qeydə alınıb. Uşaq çarpayıları və digər əsas mebel aksesuarları üzrə də oxşar bahalaşma müşahidə olunur.

Mütəxəssislər qiymət artımını bir neçə amillə əlaqələndirirlər. Əsas səbəblər sırasında xammal və komponentlərin qiymətindəki artımnəqliyyat və logistika xərclərinin yüksəlməsi, eləcə də daxili inflyasiya amilləri yer alır.

Bakıda mebel satışı ilə məşğul olan sahibkarlar Tahir Abbasov bildirir ki, mebel qiymətlərinin artımının qarşısını almaq getdikcə daha çətinləşir. Xaricdən gətirilən materialların qiyməti hər ay dəyişir və əvvəllər bir yük maşını MDF-nin qiyməti 7-8 min dollar idisə, indi bu rəqəm artıq 10 min dollara çatıb. Gömrük, daşınma və digər əlavə xərclər də artdığına görə qiymətləri sabit saxlamaq mümkün olmur. Bu vəziyyətdə müştərilər qiymət artımından narazı olsa da, satıcılar zərər etmədən işləyə bilməzlər. Həmçinin, indi daha çox sadə dizaynlı və fərdi sifarişlərə tələbat var.

Mövcud vəziyyət onu göstərir ki, mebel artıq yalnız interyer estetikası deyil, həm də ailə büdcəsində ciddi planlama tələb edən bir xərç növünə çevrilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI