Məhərrəmlik ayının başlaması ilə Azərbaycanda adətə uyğun olaraq toylar, şənliklər və digər əyləncə tədbirləri təxirə salınıb. Belə şəraitdə diqqət çəkən başqa bir məqam isə spirtli içkilərin istehsalı və istehlakında yaranan dinamikanın hansı istiqamətdə inkişaf etməsi ilə əlaqəlidir.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında Azərbaycanda spirtli içkilərin istehsalı və istehlakı ilə bağlı narahatlığını bildirib. Onun sözlərinə görə, İslam dini insanların nəfsinə hakim olmağı təbliğ edir və spirtli içkilər bu dinə görə haram sayılır. Qurani-Kərimin əsas mahiyyəti isə insanları nəfsə qarşı mübarizəyə səsləyir:
“2016-cı il yanvarın 1-də ölkədə spirtli içkilərin istehsalı üçün lisenziya sistemi ləğv edildikdən sonra istehsalçıların sayı xeyli azalıb. 2009-cu ilə kimi 8-ə qədər araq istehsalçısı var idi. Lakin son illərdə bu rəqəm sürətlə artaraq, araq stehsalçılarının sayı 94-ə çatıb. Bu vəziyyət spirtli içkilərin ucuzlaşmasına və əlçatanlığının artmasına səbəb olub”.
E.Hüseynov qeyd edib ki, istehsalçı sayının artması, keyfiyyətsiz və ucuz məhsulların bazarda geniş yayılmasına gətirib çıxarıb. Bu isə istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır:
“Dövlət ötən il bu problemlə bağlı olaraq spirtli içkilər üçün minimum qiymət müəyyən edib. Lakin Azad İstehlakçılar Birliyi olaraq, biz bu qərarla razı deyilik. Buna əsas səbəb əvvəllər istehlakçılar keyfiyyətsiz içkiləri ucuz qiymətə alırdısa, indi həmin keyfiyyətsiz məhsulları baha qiymətə almağa məcbur olurlar. Bu vəziyyət bazarda qeyri-mütənasib rəqabət yaradıb və keyfiyyət məsələsi arxa plana keçib”.
Onun fikrincə, spirtli içki istehsal və istehlakı ilə bağlı bu cür artım sağlamlıq problemlərinə də yol açır:
“Belə ki, bu il ərzində keyfiyyətsiz spirtli içkilərdən 12 nəfər zəhərlənərək həyatını itirib. Bu baxımdan əhali bu məhsullardan uzaq durmalı, spirtli içkilərin üzərində istehsal və son istifadə tarixi mütləq qeyd olunmalıdır”.
O həmçinin əlavə edib ki, spirtli içkilərin saxlanılma müddəti məhduddur:
“Məsələn, şərablar 6 ay, konyaklar isə 3 ildən artıq saxlanılmamalıdır. Buna baxmayaraq, Azərbaycanda istehsal olunan spirtli içkilərin təxminən 98 faizində bu cür məlumatlar göstərilmir. Bu isə istehlakçılar üçün əlavə təhlükə yaradır. Hətta 4 il əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ölkənin nüfuzlu restoranlarında belə saxta spirtli içkilərin satışını da aşkarlayıb”.
Sonda həmsöhbətimiz cəmiyyətə çağırış edərək bildirib ki, spirtli içkilər nə sağlamlıq, nə də psixoloji baxımdan insanlara fayda vermir:
“Azərbaycan müsəlman ölkəsidir və ölkə vətəndaşları dinin qadağan etdiyi bu cür məhsullardan uzaq durmalıdırlar. Zənnimcə, ölkədə spirtli içki istehsalı və istehlakı da dayandırılmalı, cəmiyyətdə bu məsələ ilə bağlı daha məsuliyyətli yanaşma sərgilənməlidir”.
Aytac Bəhruzqızı