Azərbaycan Kredit Bürosu (AKB) sahibkarlar və kredit təşkilatları üçün 2 yeni məhsul hazırlayır. Onlardan biri mikro sahibkarlar üçün “FinScore” olacaq, digəri isə “FraudScore” adlanır. Bununla kredit dələduzluğunun qarşısını almaq mümkün olacaq.
Bu barədə Modern.az-a AKB-nin Data analitikası Departameninin rəhbəri Kamal Mirzəyev məlumat verib. Onun sözlərinə görə yeni xidmət sayəsində banklardakı problemli kreditlərin həcminin artmasının qarşısı alına bilər:
“FraudScore” dələduzluğa qarşı xidmət olacaq. Tutaq ki, bir şəxs krediti götürür, amma niyyəti odur ki, bundan sonra onu ödəməyəcək. Yeni skoqrinq məhsulu bu kimi halların qarşısını almağa xidmət edəcək”.
Bəs onlar necə müəyyən olunacaq? Suala aydınlıq gətirən K.Mirzəyev bunun üçün ciddi araşdırmalar etdiklərini vurğulayıb:
“İndiyə qədər baş verən bu cür halları araşdırmışıq. Məlum olur ki, dələduzluq edən şəxslər əvvəllər kiçik məbləğlərdə kredit götürüb və vaxtında ödəyiblər, gecikmə etməyiblər. Zamanla məbləği artırıblar. Tutaq ki, öncə 500 manat götürüb, sonra 1500 manat, daha sonra 2000 manat kredit götürüblər və vaxtında qaytarıblar. Buna görə kredit skorinqləri də yüksək olub. Bank da buna baxıb sonra iri məbləğ ayırmağa qərar verib. Fırıldaqçı isə pulu götürüb qaytarmayıb. Bu cür davranış göstərən şəxslər artıq hər zaman nəzarətdə olacaq. Onların kredit almaq şansları azala bilər”.
Belə halların qarşısını almaq üçün “FinScore”un əksi olan “FraudScore” hazırlanıb. Bu dələduzluğa qarşı skorinqdir. Bununla birbaşa kredit üçün müraciət edildiyi anda sorğulananda artıq həmin şəxsin kredit götürdükdən sonra ödəməmə ehtimalının ölçüsdü müəyyən olunacaq. Bu, bankların belə kreditlərə qərar verməsinə ciddi təsir edəcək.
K.Mirzəyev bildirib ki, dələduzluğua meylli olması ehtimal edilən şəxslərə kredit verilməsindən imtina edilməyəcək. Ancaq bu zaman onlardan kredit geri qaytarılmasını sığortalayan təminatlar – zamin, girov əmlakı və s. tələb olunacaq. Bu kimi faktorlarla bank öz risklərini minimuma endirəcək.
AKB-nin ötən ildən istifadə verdiyi “FinScore” isə borcalanların davranışlarına əsaslanaraq onlara bir reytinq formalaşdırır. Bu reytinq əsasında müştərilərə istehlak, ipoteka kreditləri, fərdi sahibkarlara biznes kreditlərin ayrılmasında çox aktiv istifadə olunur. “B2C” yönələn məhsuldan daha çox banklar, BOKT-lar, lombardlar, lizinq şirkətləri və digər nisyə alqı-satqısı edən təşkilatlar, mağazalar daxil olmaqla ümumilikdə 136 təşkilat istifadə edir. Ötən il “FinScore” xidməti vasitəsilə 650 min sorğu verilib. Bu ilin I rübündə bu rəqəm 435 min, II rübdə isə 800 mindən çox olub. AKB 2025-ci ilin sonuna həmin xidmət üzrə 1,5 milyon soğrunun olacağını proqnozlaşdırır.
K.Mirzəyev yaxın vaxtlarda sığorta və investisiya şirkətlərinin də tam iolaraq bu sistemə nteqrasiya olunacağını bildirib: “Biz hələki kiçik, orta və iri biznes sektorlarının skorinqini təqdim etmirik. Çünki hazırda onlarla bağlı bəzi məlumatları Dövlət Vergi Xidməti və digər dövlət qurumlarındən əldə etməliyik. Onları detallı şəkildə əldə etdikdən sonra bu xidməti də istismara verə biləcəyik”.