Modern.az

İpoteka imkanları Qarabağda yeni tikinti layihələrinə yol açacaq

İpoteka imkanları Qarabağda yeni tikinti layihələrinə yol açacaq

İqtisadiyyat

18 İyul 2025, 10:03

Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana əsasən, “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na mühüm dəyişiklik edilib. Dəyişikliyə görə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlər ilə mənzilə sahib olmaq mümkün olacaq.

Biznes konsultant Çinarə Ağayeva bildirib ki, bu qərar yalnız gənc ailələrə və güzəştli ipoteka kreditindən yararlanmaq imkanına sahib olan vətəndaşlarımıza sosial dəstəyi gücləndirmir, eyni zamanda işğaldan azad edilmiş ərazilərin yenidən məskunlaşdırılması və iqtisadi canlanması üçün strateji bir addımdır: “Yeni qərarla Qarabağ və Şərqi Zəngəzurda yaşayış sahəsi əldə etmək istəyən vətəndaşlarımıza güzəştli şərtlərlə ipoteka kreditlərindən istifadə imkanı yaradıldı. Bu, dövlətin regionun inkişafına göstərdiyi siyasi iradənin növbəti real təzahürüdür.

Bu dəyişiklik əhalinin Qarabağa qayıdışını sürətləndirəcək. Güzəştli ipoteka şərtləri ailələrin bu bölgələrdə məskunlaşmasını stimullaşdıracaq. Bu, təkcə mənzil təminatı deyil, həm də orada sosial həyatın formalaşması üçün ciddi impulsdur”.

Ç.Ağayeva qeyd edib ki, bu yenilik işğaldan azad olunan ərazilərdə tikinti və xidmət sektorunda iqtisadi aktivliyi də artıracaq. Tələb artdıqca yeni tikinti layihələri, xidmət infrastrukturu və məşğulluq imkanları genişlənəcək. Bu, sahibkarlar üçün yeni investisiya sahələri deməkdir. “Bu dəyişiklik eyni zamanda tikinti şirkətləri üçün yeni layihə sahələri, banklar və maliyyə institutları üçün genişlənən ipoteka bazarı, logistika, infrastruktur və xidmət sahələrində investisiya imkanları təmin edəcək”. 

Çinarə Ağayevanın sözlərinə görə, ipoteka kreditləri hesabına Qarabağ və Şərqi Zəngəzur digər bölgələrlə iqtisadi əlaqələrini gücləndirəcək, daxili bazar inteqrasiyasını dərinləşdirəcək. Nəticə etibarilə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri bu dəyişikliklə sosial-iqtisadi məzmunla daha da zənginləşəcək. Güzəştli ipoteka kreditlərinin bu regionlara şamil olunması yalnız daşınmaz əmlak bazarının inkişafına deyil, həm də işğaldan azad edilmiş ərazilərimizdə davamlı həyat mühitinin yaradılmasına xidmət edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi