Türkiyə ərazisi ilə Suriyaya Azərbaycan təbii qazının tədarükünün avqustun 2-də başlanması iki dost xalqın səbirsizliklə gözlədiyi tarixi hadisədir.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın SANA agentliyinə bildirib.
Diplomatın sözlərinə görə, tədarük haqqında razılaşma Azərbaycan və Suriya prezidentləri - İlham Əliyev və Əhməd əş-Şaranın Suriya liderinin rəsmi səfəri çərçivəsində iyulun 12-də Bakıda keçirilən görüşünün nəticəsidir.
"Bu, iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək mühüm hadisədir", - deyə Şahhüseynov vurğulayıb.
O, həmçinin qeyd edib ki, prezident Əhməd əl-Şaranın rəhbərliyi altında Suriyanın yeni rəhbərliyi inkişafı sürətləndirmək və vətəndaşların həyat səviyyəsini yüksəltmək məqsədilə Suriya xalqının üzləşdiyi bütün problemlərin, xüsusilə iqtisadi sahədəki problemlərin həlli üçün səy göstərir: "Azərbaycan təbii qazı elektrik enerjisi istehsalı güclərinin artırılmasında strateji rol oynayacaq ki, bu da gələcək iqtisadi bərpanın təminatıdır".