Modern.az

Banklar kartların keşbek faizlərini AZALDIR - SƏBƏB

Banklar kartların keşbek faizlərini AZALDIR - SƏBƏB

İqtisadiyyat

14 Avqust 2025, 12:31

Müştərilərin diqqətini çəkmək və gündəlik nağdsız ödənişləri stimullaşdırmaq üçün bankların uzun illərdir istifadə etdiyi üsullardan biri də "keşbek kampaniyaları"dır. Yəni kartla edilən ödənişlərə görə müştəriyə müəyyən faizlə pul geri qaytarılır. Son illərdə 2X və daha yüksək keşbek vədləri ilə rəqabətə qoşulan banklar indi faizləri endirir, Hətta "keşbek kampaniyaları"nı dayandıran, onlardan imtina edən banklar da var.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında bildirib ki, keşbek faizləri banklar üçün əslində əlavə bir xərc mənbəyidir. İqtisadçının sözlərinə görə, bu vəsaitlər birbaşa bankların öz büdcəsi hesabına qarşılanır və hər hansı qanunla tənzimlənmir. Yəni bu sadəcə olaraq, bankların müştəri cəlb etmək üçün könüllü tətbiq etdikləri bir təşviqdir:

“Əvvəlki dövrlərlə müqayisədə bu gün keşbek faizlərinin azalmasının əsas səbəblərindən biri də məhz bu xərclərin banklara ziyan gətirməsidir. Əvvəllər banklar kart istifadəçiliyini təşviq etmək, rəqəmsal ödənişləri artırmaq və müştəri bazasını genişləndirmək üçün yüksək keşbeklər təqdim edirdilər. Çünki hər bir kartla ödəniş zamanı bank təxminən 1-1.5% arası komissiya gəliri əldə edir. Bu səbəbdən banklar üçün vacib idi ki, müştərilər ödənişlərini nağd yox, kartla etsinlər”.

Ekspert xatırladıb ki, bəzi banklar hətta 3-5% keşbek təklif edirdilər:

“Bunun arxasında duran məntiq sadədir: banklar düşünürlər ki, bu cür təşviqlərlə müştəriləri daha yaxından tanıyacaq, onlara əlavə məhsullar - məsələn, kreditlər, valyuta dəyişimi və digər xidmətlər təklif edə biləcəklər.

Zaman keçdikcə və banklararası rəqabət artdıqca isə keşbek faizlərini süni şəkildə yüksəltmək tendensiyası yarandı. Bu da artıq bankların büdcəsinə ciddi təzyiq yaratmağa başladı. Daha dəqiq söyləsək, müştəri cəlb etmə xərcləri qazancdan çox oldu.

Nəticə etibarilə, keşbek sisteminin banklara gətirdiyi xərc də gəlirdən üstün oldu. Nəticədə bu, keşbek faizlərinin tədricən azaldılmasına səbəb olub”,- deyə X.Kərimli qeyd edib.

Qeyd edək ki, ötən ay - iyulda ən yüksək keşbek faizləri təklif edən banklar ABB, Unibank, Bank Respublika, Yelo Bank və Xalq Bank idi. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu