Modern.az

Çin bazarına açılan qapı: Azərbaycanlı sahibkarlar üçün yeni fürsətlər

Çin bazarına açılan qapı: Azərbaycanlı sahibkarlar üçün yeni fürsətlər

İqtisadiyyat

1 Sentyabr 2025, 16:28

Son illər Azərbaycan ilə Çin arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu strateji tərəfdaşlığın ən mühüm göstəricilərindən biri isə 2025-ci ildə iki ölkə arasında vizasız rejimin tətbiq olunması oldu. Artıq Azərbaycan vətəndaşları Çin Xalq Respublikasına viza almadan səyahət edə, orada biznes əlaqələri qura, sərgilərdə iştirak edə və ticarət tərəfdaşları ilə birbaşa görüşə bilirlər.

Bu yenilik təkcə turizmi deyil, ilk növbədə biznes və ticarət sektorunu canlandırmaq üçün böyük fürsətlər açır. Azərbaycanlı sahibkarlar üçün bu, həm yeni bazarlara çıxış imkanı, həm də Çin istehsalçıları və investorları ilə əməkdaşlığı genişləndirmək baxımından əhəmiyyətlidir.

Çin dünyanın ən böyük istehsal və istehlak bazarlarından biridir. Elektronika, kənd təsərrüfatı texnikası, tekstil, kimya sənayesi, tikinti materialları və digər sahələrdə Çin məhsulları həm rəqabətqabiliyyətli, həm də sərfəlidir. Azərbaycan bazarında Çin texnologiyası və avadanlığına olan maraq artmaqdadır.  Eyni zamanda, Çində Azərbaycan məhsullarına,  xüsusilə də kənd təsərrüfatı məhsulları, qida, içki və ekoloji təmiz mallara maraq formalaşır.

Bu qarşılıqlı maraq fonunda təbii ki, sahibkarlarımız üçün əsas sual yaranır: “Biz bu imkanlardan necə faydalana bilərik?” 

Artıq Çin bazarı bizə bir addım daha yaxınlaşıb. Vizasız rejimin verdiyi üstünlükləri maksimum istifadə etmək üçün sahibkarların atmalı olduqları addımlar var. Sahibkarlarımız Çinə ticarət səfərləri etməli və bunu intensiv olaraq həyata keçirməlidirlər. Çində keçirilən beynəlxalq sərgilər, biznes forumlar və B2B görüşlərdə iştirak etmək faydalı olar. Artıq viza problemi olmadığına görə bu tədbirlər daha əlçatandır. 

Çin istehsalçıları ilə birbaşa əlaqə quraraq aradan vasitəçiləri çıxarmaq mümkündür. Bu, maya dəyərinin azalmasına səbəb olacaq. Çinlə elektron ticarəti genişləndirmək üçün böyük imkanlar var.  Alibaba, Taobao kimi platformalarda distribyutorluq və satış kanalları yaratmaq, Azərbaycan məhsullarını Çinə ixrac etmək üçün yeni modeldir. Sahibkarlarımızın Çin bazarında uğur qazanması üçün Çin dili və mədəniyyətini öyrənməsi yaxşı olardı. Uğurlu biznesin əsas sirri qarşı tərəfi anlamaqdan keçir. Çinin iş mədəniyyəti və danışıqlar üslubu fərqlidir və buna hazır olmaq lazımdır.

Bir sözlə, Çinlə ticarət əlaqələrinə başlamağın tam zamanıdır. Hazırda bu fürsətləri görən, cəsarətli və çevik sahibkarlar rəqabətdə bir addım öndə olacaqlar.

Çinarə Ağayeva,
Biznes məsləhətçi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular