Yeni tədris ilinin yaxınlaşması ilə birlikdə Bakıda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir. On minlərlə yeni şagird və tələbənin paytaxta gəlməsi şəhərdə mövcud tıxac problemini daha da dərinləşdirəcək. İqtisadiyyatçılar bildirirlər ki, tıxacların yaratdığı itkilər təkcə vaxtla məhdudlaşmır, Azərbaycanın ümumi iqtisadiyyatına hər il azı 1-2 milyard manat zərər vurur.
Modern.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, ümumilikdə, tıxac problemi dünya ölkələrinin iqtisadiyyatına hər il trilyonlarla dollar zərər vurur. Onun sözlərinə görə, beynəlxalq hesabatlarda da bu faktlar xüsusi olaraq vurğulanır:
“Sıxlıq səbəbindən yanacaq sərfiyyatı artır, ailə büdcəsinə əlavə xərclər düşür, həmçinin ətraf mühitə mənfi təsirlər güclənir. Tıxaclar atmosferə atılan zərərli qazların miqdarını artırmaqla yanaşı, ekoloji tarazlığın pozulmasına, nəticədə isə insanların sağlamlığına və psixoloji vəziyyətinə də mənfi təsir göstərir. Bütün bu hallar nəticədə stress, yorğunluq və sağlamlığa ciddi zərərlə müşayiət olunur”.
Ekspert vurğulayıb ki, yolların davamlı şəkildə genişləndirilməsi də bu problemin bir başqa tərəfidir:
“Yeni yolların salınması və infrastrukturun genişləndirilməsi üçün ayrılan vəsait digər sahələrin inkişafı üçün nəzərdə tutulan büdcəni azalmasına səbəb ola bilir. Beləliklə, tıxacların iqtisadi yükü daha da artır.
Tıxac probleminin aradan qaldırılması fonunda isə bir sıra alternativ həll yolları mövcuddur. Bunlara diversifikasiya olunmuş iş rejiminin tətbiqi, insanların yaşadıqları ərazilərə yaxın təhsil və iş infrastrukturunun qurulması daxildir. Məsələn, təhsil müəssisələrinin yaşayış massivlərinə yaxın ərazilərdə yerləşdirilməsi, şagirdlərin, tələbələrin və müəllimlərin uzun məsafə qət etməsinin qarşısını ala bilər”.
E.Kərimli bildirib ki, bu yanaşma, həmçinin şəhərdə nəqliyyat sıxlığını da azalda bilər:
“Avropa ölkələrində insanlar iş yerlərinə yaxın ərazilərdə kirayə mənzillərdə yaşamağa üstünlük verir ki, bu da gündəlik nəqliyyat axınının həcmini azaldır.
Eyni zamanda, bəzi ali təhsil müəssisələrinin və dövlət qurumlarının mərkəzdən, xüsusilə Bakının mərkəzindən – regionlara köçürülməsi də problemin həllinə töhfə verə bilər. Bu, şəhərin yükünü azaltmaqla yanaşı, həmçinin regionların inkişafına da təkan verəcək faktorlar sırasındadır”.
İqtisadçı onu da əlavə edib ki, tıxacların iqtisadiyyata mənfi təsiri ÜDM-in 1-5% arasında dəyişə bilir:
“Bunun tərkib hissəsinə yol qəzalarının artması, sığorta hadisələrinin çoxalması və nəqliyyat vasitələrinin texniki nasazlıqlar səbəbilə daha tez sıradan çıxması da daxildir.
Beləliklə, tıxac problemi təkcə nəqliyyat məsələsi deyil, həm də sosial, iqtisadi və ekoloji aspektlərdən çoxşaxəli bir problemdir və onun həlli yalnız kompleks yanaşmalarla mümkündür”,- deyə E.Kərimli bildirib.