Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına start verilib.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları! QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov bildirib.
Onun sözlərinə görə, dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 kilomterdir (yan yollarla birlikdə 140,6 kilometr): "Layihə çərçivəsində 9 stansiyanın, 9 körpünün, 26 avtomobil keçidinin, 3 qalereyanın, 4 tunelin və ümumilikdə 500-dən çox mühəndis qurğularının tikintisi həyata keçirilir. Ox üzrə 60 metr enində minatəmizləmə işləri başa çatdırılıb".
C. Əlövsətov vurğulayıb ki, tikinti-quraşdırma işləri 3 mərhələdə həyata keçirilir: "Birinci mərhələdə işlərin böyük hissəsi tamamlanıb. Artıq dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir.
Hazırda 2 və 3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi həyata keçirilir".
O əlavə edib ki, layihənin ikinci mərhələsi üzrə təbii relyef Xudafərin hidroqovşağının maksimal qalxma səviyyəsindən aşağıda yerləşdiyinə görə dəmir yolunun Xudafərin hidroqovşağının suyundan qorunması üçün əlavə körpülər tikilib:
"3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğuları, o cümlədən 3 ədəd tunelin inşası davam edir. Tunellərdən 2-si qapalı, 1-i isə açıq üsulla inşa edilir. Qapalı üsulla inşa edilən tunellərdə qazma işləri yekunlaşdırılıb, dəmir-beton işləri bitmək üzrədir. Açıq üsulla inşa edilən tuneldə isə beton-suvaq işləri sürətlə davam etdirilir. Horadiz-Ağbənd dəmir yolunun ox üzrə 75,6 km hissəsində rels-şpal çərçivələri quraşdırılıb. Tikinti üzrə ümümi fiziki tərəqqi isə 67 % təşkil edir". (Mənbə "Report")