Modern.az

ABŞ dolları böhran zamanı bahalaşacaq?

ABŞ dolları böhran zamanı bahalaşacaq?

İqtisadiyyat

8 Sentyabr 2025, 15:40

ABŞ dollarının uzun illərdir qorunan “təhlükəsiz liman” statusu yenidən sual altına düşüb.

Modern.az-ın məlumatına görə, 2025-ci ilin yazında bazarlarda yaşanan dalğalanmalar zamanı dolların gözlənildiyi kimi bahalaşmaması investorları çaşdırıb və bu valyutanın böhran dövründə etibarlı sığınacaq olub-olmadığı barədə şübhələri artırıb.

Uzun müddət qlobal sərmayədarlar dolları iqtisadi və siyasi şoklara qarşı təbii müdafiə vasitəsi hesab ediblər. Lakin mart-aprel aylarında S&P 500 indeksi 20 faiz ucuzlaşarkən dollar indeksi də 8 faiz aşağı düşdü. Bu hadisə dolların üzərində qurulan “təhlükəsizlik şəbəkəsini” sarsıtdı və iri investorları risklərini sığortalamağa məcbur etdi. Bu barədə "Reuters"də dərc edilən məqalədə bildirilir.

Maliyyə analitikləri dolların 2008-ci ildəki böhran zamanı bahalaşmasının da yanlış izah edildiyini bildirirlər. ABŞ Xəzinədarlığının keçmiş rəsmisi, hazırda Xarici Əlaqələr Şurasının eksperti olan Bred Setser hesab edir ki, həmin dövrdə dolların möhkəmlənməsi əslində investorların “carry trade” əməliyyatlarını bağlaması ilə bağlı olub. Onun təhlillərinə görə, həmin vaxt xarici kapital ABŞ-dan çıxırdı, dollar isə əsasən ABŞ investorlarının pullarını geri gətirməsi nəticəsində bahalaşmışdı.

Hazırda isə vəziyyət fərqlidir. ABŞ faiz dərəcələri Avropa, Yaponiya və Çindən yüksəkdir. Bu səbəbdən dollar indi daha çox gəlir üçün istifadə olunan valyutaya çevrilib. Setser xəbərdarlıq edir ki, əgər dolların 2008-dəki yüksəlişi illüziya idisə, gələcək böhranlarda dolların mütləq bahalaşacağına güvənmək səhv olar.

Mütəxəssislər bildirirlər ki, dolların “təhlükəsiz liman” statusunun zəifləməsi ABŞ bazarlarına inamı da sarsıda bilər. Çünki əlavə hedcinq xərcləri investorların gəlirlərini azaldacaq, artıq baha qiymətləndirilən ABŞ aktivlərinin cazibəsini isə zəiflədəcək.

Bostonda yerləşən GMO investisiya şirkətinin hesablamasına görə, son 15 ildə ABŞ fond bazarının üstünlüyünün böyük hissəsi məhz dolların bahalaşması ilə izah olunub. Əgər bu amil aradan qalxarsa, ABŞ şirkətlərinin qlobal üstünlüyü də ciddi şəkildə zəifləyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?