Tanınmış yapon alimi və 2006-cı il Nansen Qaçqın Mükafatının laureatı Doktor Akio Kanai Azərbaycana növbəti humanitar missiyasına başlayıb.
Doktor Kanai Yaponiyanın “Fuci Optikal” özəl şirkətinin rəhbəri və 30 ildən çox müddətə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının seçilən özəl donorudur.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən Modern.aza-a verilən məlumata görə, bu “Fuci Optikal”ın görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycana 10-cu missiyası olacaqdır. Missiya BMT QAK-ın aidiyyətində olan şəxslər, daha dəqiq, qaçqınlar, sığınacaq axtaran şəxslər və məcburi köçkünlər üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı həyata keçirir.
Şirkət özünün humanitar fəaliyyətinə 1983-cü ildə Tailandda Hind-Çin qaçqınları arasında başlamışdır. Həmin vaxtdan “Fuci Optikal” Asiya, Avropa və Afrikanın altı ölkəsində qaçqınlar, məcburi köçkünlər və digər kövrək insanlar üçün 141 mindən artıq eynək ianə edib, bu ölkələrdən dördündə görmə qabiliyyətinin müayinəsi missiyaları həyata keçirib.
Bu gün Doktor Kanai və onun 6 optometrist mütəxəssisdən ibarət heyəti İmişli, Beyləqan, Xocavənd və Füzuli rayonlarında məcburi köçkünlər üçün göz müayinəsi həyata keçirmək üçün Azərbaycanın cənub-qərb rayonlarına yola düşür. Növbəti həftənin bazar ertəsi günü, 28 aprel tarixdə isə bu xidmət Bakı şəhərində qaçqınlar, məcburi köçkünlər və BMT QAK-ın aidiyyətində olan digər şəxslər üçün təşkil olunacaq.
Yardım proqramı BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirilir.
“Fuci Optikal” Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün ötən on il ərzində 1,8 milyon ABŞ dollarınadək vəsait xərcləyib.
39 minədək yüksək keyfiyyətli optik eynək və digər ə6şyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə natura şəklində ianə kimi ölkəyə gətirilib. Bu il “Fuci Optikal” 4 min eynək, eyni zamanda görmə və eşitmə ilə əlaqədar digər əşyalar gətirib və 2 minədək məcburi köçkün, qaçqın və digər kövrək insanı müayinə etməyi hədəfə alıb.
BMT QAK Birləşmiş Millətlərin ixtisaslaşmış qurumlarından biri olmaqla dünyada olan qaçqınların himayəsi sahəsində beynəlxalq müdaxilələrin idarə olunması, əlaqələndirilməsi, həmçinin, qaçqınların problemləri üçün davamlı həll yollarının axtarılması vəzifəsini daşıyır. BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin salınmış geniş sayda məcburi köçkünə, eyni zamanda digər ölkələrdən olan minlərlə qaçqına və sığınacaq axtaran şəxsə yardım göstərmək üçün 1992-ci ilin dekabrından Azərbaycanda fəaliyyətdədir.
Modern.az