Modern.az

“Heydər Əsədovdan gözləntilər budur ki” - Aqrar sektorun ekspertlərindən RƏYLƏR

“Heydər Əsədovdan gözləntilər budur ki” - Aqrar sektorun ekspertlərindən RƏYLƏR

21 İyun 2014, 09:54


Ötən ilin oktyabr ayında baş verən kadr dəyişikliyi nəticəsində Heydər Əsədov Azərbaycanın yeni kənd təsərrüfatı naziri təyin olundu. Bu müddətdə Heydər Əsədovun gördüyü işləri necə qiymətləndirilir? Ondan gözləntilər nələrdir, hansı islahatların həyata keçirilməsi arzulanır?

Modern.az saytı bu mövzuda ekspertlər arasında sorğu keçirib:

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov: “Ümumiyyətlə, Heydər Əsədov kənd təsərrüfatı naziri kimi çox savadı, təcrübəsi ilə seçilən, dövlətçilikdə böyük təcrübəyə malik olan bir insandır. Prezident onu kənd təsərrüfatı naziri təyin etməklə çox düzgün seçim edib. Çünki kənd təsərrüfatı nazirinin hansısa kənd təsərrüfatı mütəxəssisindən də daha çox maliyyəçi olmağı vacibdir. Heydər Əsədov çox böyük işlər görür və mən bunları bilirəm. Yəni Heydər Əsədov kənd təsərrüfatını, xüsusilə maliyyə işini bilən çox səriştəli bir kadrdır. O, yerlərdə insanlara kömək edir və onun gördüyü işlər göz önündədir. Heydər Əsədov gələcəkdə də kənd təsərrüfatı sahəsində xüsusilə, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasında böyük işlər görəcək. Onun xüsusi gələcək planları var”.

İqtisadçı Vüqar Bayramov: “Heydər Əsədovun kənd təsərrüfatı naziri təyin olunmasından hələlik uzun müddət keçməyib. Amma indiki halda yeni nazir kimi Heydər Əsədovun ilkin fəaliyyətini qiymətləndirmək mümkündür. Nəzərə alsaq ki, bu ərəfədə yeni kənd təsərrüfatı nazirinin atdığı addımlar sırasında Kənd Təsərrüfatı Nazirliyinin strukturundakı dəyişiklər və Kənd Təsərrüfatı Nazirliyinin regionlarda idarələr yaratması ilə bağlı qanunvericilik aktının qəbul edilməsi, buna uyğun olaraq yeni strukturun formalaşdırılması həyata keçirilib, təbii ki, bunlar  müsbət hallardır. Çünki yeni strukturun formalaşdırılması, Kənd Təsərrüfatı Nazirliyinin praktiki olaraq fermerlər üçün bir məsləhət mərkəzinə çevrilməsi məsələsini biz dəfələrlə qaldırırıq.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən digər məqam subsidiyaların verilməsində, o cümlədən lizinq xidmətinin göstərilməsində şəffaflığın artırılmasıdır ki, təbii ki, bu da əhəmiyyətli məqamlardan biridir. Maliyyə Nazirliyinin apardığı yoxlamalar da göstərir ki, subsidiyaların verilməsində bir qisim nöqsanlar var. Amma nazirin fəaliyyətinə kənd təsərrüfatı mövsümü başa çatdıqdan sonra tam olaraq qiymət vermək mümkün olacaq.

Gözləntilərə gəldikdə isə subsidiyaların verilməsi mexanizminin şəffaflığının artırılmasına nail olmaq mümkün olsa belə, mexanizmin dəyişdirilməsinə ehtiyac var. Subsidiyalar yalnız hər hektara görə, yəni strateji məhsullar üçün hər adama  80 manat, adi məhsullar üçün 40 manat ödənilir. Halbuki, belə bir praktika inkişaf etmiş ölkələrdə tətbiq edilmir. Biz subsidiyaların məbləğinin fermerin istehsal etdiyi məhsula uyğunlaşdırılmasının tərəfdarıyıq. Bu, fermerlərdə stimul yaradır. Əgər məsələn, fermer 1 hektardan 3 ton məhsul istehsal edirsə, o zaman o 40 manat subsidiya alsın, əgər 5 ton məhsul istehsal edirsə, o zaman tutaq ki, hər hektarına görə 70 manat subsidiya alsın.

Fermerlər üçün informasiya bankının yaradılması və fermer təsərrüfatları üçün təşviqedici xüsusən, məhsul planlaşdırılması ilə bağlı fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Çünki bu gün fermer təsərrüfatlarının böyük bir qismi praktiki olaraq nə məhsul istehsal edəcəyini bilmir. Onlar bu ilin yekunlarına əsasən növbəti ili proqnozlaşdırırlar.

Aqroparkların yaradılmasının sürətləndirilməsi vacibdir. Çünki aqroparklar market istehsalın birləşdirilməsi deməkdir. Eyni zamanda vacib məqamlardan biri kənd təsərrüfatı korporasiyalarının yaradılması işinin sürətləndirilməsidir. Bu imkan verəcək ki, fermer təsərrüfatlarının xərci azaldılsın. Yəni bu gün fermer təsərrüfatı çox nizamsız şəkildə məhsul istehsal edirlərsə və həmin məhsulların paytaxtla yanaşı rayon mərkəzi bazarına çıxarılmasının sayı çoxdur.

Bütövlükdə, kənd təsərrüfatının Azərbaycanda kifayət qədər böyük potensialı var və mən güman edirəm ki, yeni nazir bu potensialın reallıqda da üzə çıxmasına töhfə verə biləcək”.

“Mediaforum” saytının əməkdaşı Bəkir Nərimanoğlu: “Heydər Əsədovunun nazir təyin olunandan bəri kənd təsərrüfatında hər hansı bir islahat, siyasət baxımından köklü dəyişiklik yoxdur. Azərbaycan kimi iqtisadi-siyasi sistemləri olan ölkələrdə şəxslər bir o qədər də rol oynamır. Yəni istənilən adam təyin olunsa, mövcud sistem daxilində necədirsə, o cür davam edəcək.

Son vaxtlar dövlət büdcəsi hesabına məsələn Ağcabədidə, Beyləqanda yaradılan iri özəl taxıl təsərrüfatları var. Bu, çox yanlış bir siyasətdir. Onların ən bədbəxt tərəfi odur ki, həm büdcədən maliyyələşmə edilir, həm də adı özəl gedir. Digər bir məsələ, məsələn, Tovuzda olan hər hansı bir fermerin görmədiyi güzəştləri həmin o taxılçılıq təsərrüfatları görür.

Bu büdcə hesabına inhisarçılıq yaratmaq cəhdidir. Ona görə də çox mənfi qiymətləndirilməlidir. Hökumət bu süni özəl təsərrüfatların yerinə kooperativlərin yaradılmasını təşviq etməlidir. Hətta 11-12 il bundan əvvəl Azərbaycan Respublikasında 2002-2006-cı illərdə aqrar bölmənin inkişafına dair bir proqram var idi. Orada istehsalçıların səylərinin və resurslarının könüllü birləşdirilməsi məsələsi qoyulmuşdu. Amma proqramın icrası başa çatsa da, bu istiqamətdə hər hansı bir addım atılmadı. O cümlədən “2008-2015-ci illərdə ərzaq məhsulları ilə etibarlı təminata dair Dövlət Proqramı” nda da kooperasiya məsələsi gündəmə gəldi, amma yenə də hər hansı konkret addım atılmır. Nəhayət, 2011-ci ildə hökümət bu sahədə ilk addımı atdı. “Kənd təsərrüfatı kooperasiyası haqqında”  qanun layihəsi parlamentin müzakirəsinə çıxarıldı, amma o qanunun taleyi ilə bağlı hər hansı bir yekun qərar hələ ki yoxdur.

İkinci bir məqam subsidiyalar məsələsidir. Hətta Maliyyə Nazirliyi də üzə çıxartmışdı ki, bu subsidiyalar yekun nəticədə həqiqətən də kəndliyə gedib çatmır. Bu subsidiya mexanizmi dəyişdirilməlidir. Hazırda subsidiya əraziyə görə verilir, əslində isə nəticəyə görə verilməlidir. Bu fermeri daha da stimullaşdırar, daha çox məhsul istehsal etsin ki, daha çox subsidiya ala bilsin. Azərbaycan kənd təsərrüfatında rəqabət qabiliyyətli məhsulların ixracına önəm verilməlidir ki, dünya bazarlarına çıxış imkanları yaradılsın”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım