Modern.az

“Azərbaycanın yanacaqdoldurma məntəqələrində yanacaq “oğurlanır””

“Azərbaycanın yanacaqdoldurma məntəqələrində yanacaq “oğurlanır””

1 İyul 2014, 15:43

“Azərbaycanda yanacağın qiymət artımına adekvat olaraq keyfiyyətlə bağlı paralel tədbirlər həyata keçirilmir”. Bunu Modern.az-a “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı respublikada istifadə olunan yanacağın keyfiyyətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, hazırda Bakıda yeni neftayırma zavodu tikilir. Hökumətin proqnozuna görə, təqribən 2017-ci ildə zavod istismara başlayacaq. Buna qədər 95 oktanlı benzinin xaricdən alınması nəzərdə tutulub.

R.Osmanlı deyib ki, xaricdən alınan 95 oktanlı benzin Azərbaycanda xüsusi qatqılar qatılaraq satılır: “Avtomobillə qonşu Gürcüstana keçdikdə Azərbaycan yanacağı ilə qonşu ölkənin yanacağı arasındakı keyfiyyət fərqi dərhal hiss olunur. Bu baxımdan düşünürəm ki, Azərbaycanda qiymət artımına adekvat keyfiyyət, eyni zamanda satışla bağlı texniki məsələlərin həyata keçirilməsi zərurəti var”.

Benzinin təkibinin araşdırılması məsələsinə gəlincə, R. Osmanlı bunun uzun və vəsait tələb edən bir prosedur olduğunu vurğulayıb: “Süründürməçilik o qədərdir ki, istehlakçı düşünür elə keyfiyyətsiz yanacağı istifadə edim, nəinki onun araşdırılmasına bu qədər pul xərcləyim. Müstəqil qurumalara gəldikdə, onların da texniki imkanları buna imkan vermir. Bir vətəndaş məhkəməyə müraciət edib qalib gəlmək üçün xaricdən rəylər almalıdır. Bu isə çox böyük vəsait hesabına başa gələ bilər. Buna görə də bu gün Azərbaycanda belə bir hal mövcud deyil”.

R. Osmanlı bildirir ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində benzin kəsilir və bu danılmaz faktdır: “Hesab edirəm ki, problemin həlli üçün 2017-ci ili gözləməməliyik. Ciddi addımlar atılmalı, nəzarət gücləndirilməlidir, ən əsası isə bu sahədə şəffaflıq yaradılmalıdır. Türkiyə, Rusiya və Gürcüstanda yanacaqdoldurma məntəqələri üzrə brendlərin sayı 200-300-ü keçir. Azərbaycanda isə yanacaq satışı 3-4 brendlə məhdudlaşır. Bu onu göstərir ki, Azərbaycanda yanacaq satışının özü inhisardadır. Bu üzdən də rəqabət yoxdur”.

Birlik rəhbərinin fikrincə, bu məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumu mütəmadi araşdırmalar aparmalı və ictimaiyyətə açıqlamalar verməlidir.

Qeyd edək ki, Beynəlxalq Yanacaq Keyfiyyətli Mərkəz 2014-cü ilin rankinqini açıqlayıb. Siyahıda Azərbaycan 8 pillə geriləyərək 69-cu yerdə qərarlaşıb. Bu isə beynəlxalq təşkilatların da respublikamızda yanacağın keyfiyyətinə dair müsbət fikirdə olmadığını göstərir.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım