Modern.az

Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk şirkətlər qeydə alındı

Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk şirkətlər qeydə alındı

İqtisadiyyat

8 İyul 2014, 11:12

Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk şirkətlər məlum olub. Modern.az xəbər verir ki, Parkda fəaliyyət göstərəcək kommersiya qurumları qeydiyyatdan keçiblər. İşlənmiş mühərrik yağlarının emalı ilə məşğul olan “Ekokat” MMC və plastik butulkaların (PET məhsulların) emalı ilə məşğul olan “Az.Ekol.” MMC Balaxanı Sənaye Parkında ilk 7 ili vergilərdən azad formada fəaliyyət göstərmək üçün rezidentlər (burada fəaliyyət göstərəcək şirkətlər) olaraq parkın idarəedici təşkilatı olan “Təmiz Şəhər” ASC tərəfindən qeydiyyata alınıblar.

Qeyd edək ki, Sənaye Parkı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində yaradılıb. Onun təşkili İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. “Təmiz Şəhər” ASC tərəfindən Balaxanı Sənaye Parkının yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqdır. Parkın Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatı və əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına əlverişli imkan yaradacaq.

Parkın rezientləri 7 il ərzində sənaye parkında fəaliyyət göstərdiyi zaman 4 növ vergidən: mənfəət, torpaq, əmlak vergilərindən və idxal olunan avadanlığın əlavə dəyər vergisindən azad olunurlar. Güzəştli şərtlərlə kredit əldə etmək imkanından yararlanırlar. Sənaye parkında fəaliyyətlə bağlı aşağı icarə qiymətləri ilə istehsalat sexləri, ofis əraziləri, anbarlar və yardımçı sahələri icarəyə götürmək imkanları əldə edirlər.

Sənaye parkı Bakı şəhərinin Balaxanı qəsəbəsində 7 hektar ərazidə yerləşir. Hazırda “Təmiz Şəhər” ASC sənaye parkında fəaliyyət göstərmək istəyən digər potensial şirkətlərlə də danışıqlar aparır.

 

Gültəkin
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım