Modern.az

Bakıda ağır tonnajlı maşınlar problemi: Prezidentin sərəncamına əməl olunmur

Bakıda ağır tonnajlı maşınlar problemi: Prezidentin sərəncamına əməl olunmur

9 İyul 2014, 12:26


Ağır tonnajlı yük maşınlarının Bakı şəhərinə gündüz saatlarında buraxılmaması ilə bağlı qadağa qoyulsa da, buna demək olar əməl edən yoxdur.

Ekspert Ərşad Hüseynov Modern.az saytına açıqlamasında bunu kökündə kökündə intizamsızlığın və özbaşınalığın dayandığını bildirib.

Ekspertin sözlərinə görə, həmin maşınların ən azı 100-150 min manat qiyməti var, sahibkar isə həmin maşınların sürücülərinə ayda 1500 manat civarında maaş verir: “Sürücü özünə ən pis halda “VAZ 2107” avtomobili alır. Beləliklə, məsələn, betonqarışdıran maşının sürücüsü avtomobili həmin “VAZ 2107” kimi idarə edərək əsl təhlükə mənbəyinə çevrilir. Burada təfəkkür problemi açıq-aydın görünür”.

Ə. Hüseynovun fikrincə, bu avtomobillərin sahibi olan təşkilatların rəhbərləri öz sürücülərini qanunsuz himayə edirlər: “Onların icazəsi olmasa, sürücülər özbaşına hərəkət edə bilməzlər: “2007-ci ildə prezident İlham Əliyevin imzaladığı Bakı şəhərində nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı sərəncama əsasən, saat 08:00 - 21:00 arası paytaxta maksimal kütləsi 5 tondan yuxarı olan avtomobillər buraxılmamalıdır. Ancaq bu sərəncam icra olunmur. İstisna yalnız kommunal xidmətlərə aid olan avtomobillər, yanğınsöndürənlər, qəza-xilasetmə və digər avtomobillər üçün nəzərdə tutulur”.

Ə. Hüseynov qanun pozuntusuna şəhərdə aparılan tikinti işlərinin də səbəb olduğunu xüsusi qeyd edib: “Şəhərin hər yerində tikinti işləri aparılır. Tikinti işlərinin həyata keçirilməsi üçün isə ağır tonnajlı avtomobillərin şəhərə girməsinə ehtiyac yaranır. Bu məqamda maraqlar toqquşur. Qadağa var, bir tərəfdən də tikinti gedir.

Dünyanın normal ölkələrində tikintini həyata keçirən təşkilat şəhər icra hakimiyyətilə razılşama əldə edir, həmin avtomobillərə konkret nömrələr verilir, təxmini hərəkət sxemi və vaxt  müəyyən olunur. Bizdə belə şeylər yoxdur”.

Ekspertin sözlərinə görə, şəhərin girişində yük avtomobillərinin girişinin qadağan edilməsilə bağlı yol nişanları qoyulub və buna uyğun olaraq qayda pozuntusu olduğu halda 40 manat cərimə nəzərdə tutulub: “Lakin uzun müddət kabusa çevrilmiş “Şaqman”lara tətbiq edilən cərimələr fərqlidir. Bu ağır tonnajlı maşının oxlara düşən yükü 24 ton ola bilər (Nazirlər Kabinetinin qərarına əsasən) . Yük artıq olduğu halda onun cəriməsi 1500 manatdır. Təkrar olunduğu halda isə cərimə 5 min manata qədər qalxa bilər. Sürücü barədə sürücülük hüququndan məhrum olma nəzərdə tutulub. Qanuna görə yükün miqdarını ölçmək üçün avtomobil mütləq tərəziyə çıxarılmalıdır. Şəhərin içində isə tərəzi yoxdur. Bu da əlavə çətinlik yaradır.
Bir sözlə, qanunda hər şey nəzərdə tutulub, amma hərə öz bildiyini edir”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım