Modern.az

Tahir Rzayev: “Bələdiyyə sistemindəki problemlər 2015-ci ilə kimi həll olunacaq”

Tahir Rzayev: “Bələdiyyə sistemindəki problemlər 2015-ci ilə kimi həll olunacaq”

11 İyul 2014, 11:48



Azərbaycanın iri şəhərlərindəki bələdiyyələrin inzibati-ərazi bölgüsündə ciddi problemlər həll olunmamış qalır. Bakının bir çox rayonlarındakı bələdiyyələrin əraziləri hələ də tam müəyyənləşməyib.

15 ilə yaxındır fəaliyyət göstərən bələdiyyə sistemində çatışmazlıqların mövcudluğundan danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında 2015-ci ilə kimi bu problemlərin aradan qaldırılacağına inandığını deyib: “Təəssüf ki, bu günə qədər bələdiyyələr öz ərazilərini dəqiq bilmirlər. Torpaqların verilməsində, müəyyən iaşə obyektlərinin, eləcə də vergilərin toplanılmasında müəyyən çətinliklər var. Bu məsələnin həlli artıq gündəmdədir. Bununla əlaqədar Bakının geniş planı hazırlanır. Bələdiyyə sahələrinin dəqiq cizgiləri ölçülüb və  2015-ci ilə kimi başa çatması nəzərdə tutulur. Bir neçə həftə bundan qabaq bələdiyyələrin respublika toplantısı keçirildi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də çıxışında bu məsələyə toxunaraq dedi ki, bələdiyyələrin yaranmasından 15 ilə yaxın vaxt keçir, amma  şəhər bələdiyyələri hələ də öz torpaqlarını, öz mülklərini tanımırlar. Ona görə də belə xoşagəlməz hallar baş verir. Bu problemin tezliklə həlli ilə bağlı tapşırıq verildi.

Deputatın sözlərinə görə, idarəetmə üçün dəqiq sərhədlər olmalıdır: “Sovet dövründəki bəzi kolxoz, sovxoz və kombinatların bəzilərinin təsərrüfatları başqa-başqa rayonların ərazisində yerləşib. İndi başqa dövrdür, torpaqlar geri qaytarılmalıdır. Tutaq ki, Abşeron respublikanın rayonlarından biri olsa da, onun bir çox torpaqları bu gün Xəzər, Sabunçu rayonlarının ərazisindədir.  O vaxtlar orda heyvandarlıq, zeytunçuluq təsərrüfatları olub. Orda yaşayanların əksəriyyəti bu gün Abşeron rayonunun sakini hesab olunurlar. Abşeron və Xəzər rayonları arasındakı məsafə 60-70 kilometrdir. Bu torpaqların ayrılıb həmin rayonların ərazisinə verilməsi, insanların orada qeydiyyata düşmələri də gündəmdədir. Bu məsələlərin həlli çətindir. O cümlədən, Bakının özünün də dəqiq sərhədləri məlum deyil. Paytaxtın ərazisində son illər həddindən artıq genişlənmə baş verib. Əvvəldən xəritələrin cizgiləri dəqiq müəyyən olunmayıb. Əslində, bu xəritələr çoxdan hazırlanıb verilməli idi. Düşünürəm ki, 2015-ci ilə kimi bütün bələdiyyə torpaqları aidiyyəti üzrə bələdiyyələrə verilməlidir”.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım