Görəsən bu məmurlar Prezidentin xalqın mənafeyi naminə bildirdiyi bəzi iradları niyə tərsinə başa düşüb həmin problemi öz maraqları çərçivəsində “həll” etməyə çalışırlar?
Uzun illərdir şəhərdə yolkənarı parkinq sahələrində ayrı-ayrı şəxslər 20-30 qəpik müqabilində sürücülərə xidmət göstərirdilər (parkinə daxil olanda və cıxanda maşını müşahidə edir, hətta bəzən yükü olanlara kömək göstərirdilər). Buna baxmayaraq bəzən etiraz edən sürücülər də olurdu ki, dövlətin yolunda dayanmışam, kimsə gəlib məndən pul istəyir.
Təbii ki, gün ərzində bütün şəhər üzrə 10 manatlarla pul toplayan həmin şəxslərin (çox güman ki, bu pulların hamısı onların cibinə getmirdi) fəaliyyəti qanunsuz idi.
Amma bu gün həmin etirazçı sürücülər də onlara şükr edir. Çünki bir müddət bundan əvvəl yol kənarındakı həmin şəxslərin fəaliyyətinə və ümumiyyətlə qanunsuz dayanacaqlar və tıxaclar barədə iradlarını bildirən Prezident də yəqin ki, əhalinin mənafeyi naminə onlardan qanunsuz pul toplanmasına etirazını bildirib. Lakin Prezidentin bu iradından “məharətlə” istifadə edən şəhər meri özünə yeni biznes yaratmağa başlayıb. Belə ki, Prezidentin Bakının küçə və prospektlərindəki qanunsuz dayanacaqlar və tıxaclar barədə iradlarını bildirməsi və belə halların aradan qaldırılması məqsədilə müvafiq göstərişlər verməsindən sonra Bakı Şəhər İcra Hakimiyyəti göstərişdən irəli gələn məsələlərin həlli məqsədi ilə Daxili İşlər Nazirliyi ilə birgə kompleks tədbirlər planı həyata keçirməyə başlayıb.
Bakı şəhərinin küçə və prospektlərində qanunsuz parklamanın qarşısının alınması məqsədi ilə müvəqqəti duracaqların yaradılması və parkomat aparatlarının quraşdırılmasına start verilib. Guya əhaliyə xidmət göstərməyə başlayıb. İndiyə qədər sürücülərin 20-30 qəpiyə istifadə etdikləri xidmət indi guya yüksək səviyyədə təşkil edilib. Lakin “yüksək səviyyə” xidmətdə deyil, yalnız qiymətdə özünü göstərir. 1 dəqiqədən 1 saata qədər 50 qəpik və növbəti hər saat üçün əlavə 50 qəpik heç də pis iştahdan xəbər vermir.
Deməli qısa dayanmalar zamanı 20 qəpik əvəzinə 50 qəpik vermək lazım gəlirsə, evinin, iş yerinin yaxınlığındakı sahələrdə uzun müddətə avtomobilini park edən şəxslər hər gün 3-4 manat ödəməlidirlər. Oradakı formalı əməkdaşların sürücülərə “xidmət”i isə ancaq pul tələb etməkdir. Görəsən şəhər rəhbərliyinin hər yeniliyi niyə insanlara maddi zərbə vurmaq üzərində qurulur?
Buna bir ictimai etiraz lazımdır. Mətbuatdakı həmkarlarımız bəlkə bu məsələyə diqqət yetirək. Hər halda bizlərin çoxumuzun maşını var...
Pərviz Rəhimoğlu