Modern.az

Nazirlik mənzil və maşın verdiyi ailələrin sayını açıqladı, qaydaları dəyişdirdi

Nazirlik mənzil və maşın verdiyi ailələrin sayını açıqladı, qaydaları dəyişdirdi

17 İyul 2014, 12:33


İyulun 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev sosial cəhətdən həssas əhali qruplarının təminatının gücləndirilməsi və dövlət sosial təminat sisteminin təkmilləşdirilməsi sahəsində cari ilin ilk yarımili ərzində görülən işlərin yekunlarına dair mətbuat konfransı keçirib.

Minik avtomobili və mənzillə təminat

Modern.az
-ın məlumatına görə, Ç.Əliyev bildirib ki, ötən ilin ilk yarımilində əlil və şəhid ailələrinin mənzilə təminatı həyata keçirilmədiyi halda, cari ilin 6 ayında ümumilikdə 118 müharibə əlili və şəhid ailəsi (o cümlədən Göygöl rayonunda 5 nəfər, Xaçmaz şəhərində 2 nəfər, Ağdam rayonunda 54 nəfər, Bərdə rayonunda 36 nəfər, Qax rayonunda 21 nəfər) ƏƏSMN-nin sifarişi ilə inşa edilmiş yaşayış binalarında  mənzillə  təmin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun  müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”  Sərəncamında 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış  5731 nəfər  bu kateqoriyadan olan şəxslərin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub.

2014-cü ilin ilk yarımili Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatının sürətləndirilməsi ilə də əlamətdar olub. Belə ki, bu müddətdə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamlarının icrası olaraq, 677 nəfər Qarabağ müharibəsi əlili, 323 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs, ümumilikdə 1000 nəfər minik avtomobili ilə təmin olunub. (Ötən ilin müvafiq dövründə bu göstərici cəmi 20 nəfər təşkil edib.)

Əlilliyi olan şəxslərin birdəfəlik maddi yardımla təmin olunması

Əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində görülən digər işlərdən də söz açan Ç.Əliyev cari ilin ilk yarımilində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar  115 nəfər 20 Yanvar şəhidinin ailəsinin, 319 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım verildiyini qeyd edib. Ç.Əliyev bildirib ki, Sovet qoşunlarının Əfqanıstan Respublikasından çıxarılmasının 25-ci ildönümü ilə əlaqədar Əfqanıstan Respublikasında hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 196 nəfər şəxsin də hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım verilib.  Həmçinin Çernobıl AES-də baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş 468 nəfər şəxsin hər biri 50 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub ki, bu da ötən ildə həmin şəxslərə qeyd olunan qəzanın 27-ci ildönümü ilə bağlı verilmiş birdəfəlik maddi yardımla (30 manat) müqayisədə 66,6 faiz çoxdur.

Qeyd olunanlarla bərabər, 2014-cü ilin 6 ayı ərzində ƏƏSMN-nin “Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya”sında sosial müdafiəyə daha çox ehtiyacı olan 217 nəfər əlilliyi olan şəxsin müraciətinə baxılıb və onlara ümumilikdə 38930 manat  məbləğində birdəfəlik maddi yardım verilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə belə birdəfəlik maddi yardım verilən əlillərin sayı 2.93 dəfə və ya 143 nəfər, onlara ödənilən maddi yardımın məbləği isə 5.91 dəfə və ya 32340 manat çox olub.  Həmçinin 11 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicəsinə köməklik məqsədilə 2580 manat məbləğində vəsait ödənilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkə daxilində müalicəsinə köməklik göstərilən əlillərin sayı 1.22 dəfə və ya 2 nəfər artıb.

Digər tərəfdən, Səhiyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi əsasında 23 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə köməklik göstərilməsi barədə qərar verilib və hesabat dövründə respublikadan kənar müalicəyə getmiş 15 nəfər əlilliyi olan şəxsə gediş-gəliş aviabiletlərinin alınması üçün 10251,58 manat vəsait ödənilib.

Əlilliyi olan şəxslərin asudə vaxtının və xaricdə müalicəsinin təşkili

Əlilliyi olan şəxslərin Yunanıstanın Soloniki şəhərindəki “Anagennisi” Tibbi-reabilitasiya sanator mərkəzində, sağlamlıq imkanları məhdud uşaqların isə Latviyanın Yurmala şəhərindəki “Vaivari” Milli Mərkəzində ixtisaslaşmış müalicəsinin təşkili işləri aparılıb. Beləliklə, hesabat dövründə  76 nəfər əlilliyi olan şəxsin və 85 nəfər sağlamlıq imkanları məhdud uşağın həmin ölkələrdə müalicəsi təşkil olunub.

Eyni zamanda, əlilliyi olan şəxslərin mənalı asudə vaxtının təşkili məqsədi ilə 501 nəfər belə şəxsin Xaçmaz və Lənkəran rayonlarında yerləşən istirahət-sağlamlıq mərkəzlərinə göndərilməsi təmin edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 nəfər çoxdur. Əlilliyi olan şəxslərin həmin mərkəzlərdə istirahəti xüsusi mədəni-kütləvi proqramlar əsasında təşkil olunub, onların mərkəzlərə aparılması və gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilib.

Sosial xidmətlər

2014-cü ilin 6 ayı ərzində 88 nəfər Dövlət Sosial Təminat Xidmətinin tabeliyində olan sosial xidmət müəssisələrinə yerləşdirilib və bu müəssisələrdə  ümumilikdə 1025 nəfər tam dövlət təminatında olub.
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”na uyğun olaraq, xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün 3 saylı və 7 saylı internat evlərindən 13 nəfər ailələrinə verilib.

Hesabat dövründə  rayon (şəhər) ƏSMM-lərinin Sosial-məişət xidməti sektorları tərəfindən 11007 nəfəri 70 yaşdan yuxarı, 2199 nəfəri 70 yaşdan aşağı olan ümumilikdə 13206 nəfərə evlərində sosial-məişət xidməti göstərilib. Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə ümumilikdə 176 nəfər sağlamlıq imkanları məhdud gənc peşə və idman kurslarına (o cümlədən 3 nəfər xalçaçılıq, 10 nəfər rəssamlıq, 17 nəfər tikiş, 10 nəfər toxuma, 42 nəfər bərbər, 9 nəfər aşbaz,  8 nəfər ağac üzərində oyma, 68 nəfər kompyuter üzrə peşə hazırlığı və 9 nəfər idman kurslarına) qəbul edilib. Kursları bitirdikdən sonra keçirilmiş imtahanın nəticəsinə əsasən,  onlardan 54 nəfərinə sertifikat, 11 nəfərinə arayış verilib. 6 nəfər səhhəti ilə əlaqədar, 20 nəfəri isə digər səbəblərdən kursu tamamlaya bilməyib.  Qalan 85 nəfərin qatıldığı kursun müddəti 6 aylıq olduğu üçün davam edir.

Son 6 ayda 1040 nəfər imtiyazlı şəxs sanatoriya-kurort putyovkaları (yollayışlar) ilə təmin edilib ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 155 nəfər çoxdur. Eyni zamanda, 2014-cü ilin 6 ayı ərzində 1 saylı və 4 saylı cəzaçəkmə müəssisələrində azad edilmələrinə 3 ay qalmış şəxslərlə görüş keçirilərək, azad edildikdən sonra sosial reabilitasiyaya ehtiyacı olan şəxslərə müvafiq köməkliklərin göstərilməsi ilə bağlı maarifləndirmə işləri aparılıb. Hazırda ölkədə yeni sosial layihələrdən biri kimi, Qobustan şəhərində  Penitensiar müəssisələrdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunmaqdadır.

İxtisaslaşmış QHT-lərlə birgə sosial xidmətlər üzrə layihələrin icrası

Ç.Əliyev cari ilin ilk yarımilində xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial xidmətlərin göstərilməsi üçün ƏƏSMN tərəfindən   prioritet  istiqamətlərin müəyyən edildiyini və həmin xidmətlərin ixtisaslaşdırılmış QHT-lər tərəfindən icra edilməsi məqsədi ilə sosial sifarişlərin elan olunduğunu qeyd edib. Xidmət rəisi bildirib ki, elan edilmiş 14 sosial müsabiqədən 13-ü  üzrə qalib QHT-lərlə müqavilələr bağlanıb. QHT-lər tərəfindən sosial sifarişlərə uyğun olaraq, 10 rayonda (Lənkəran, Yardımlı, Ağsu, Tovuz, Astara, Beyləqan, Yevlax, Qax, Ağcabədi, Qazax) günərzi qayğı mərkəzi yaradılıb və onların hər birində 30 uşağa sosial xidmətlər göstərilir. (Ötən il bu rayonların sayı 8 olub.) Həmçinin 4 rayon üzrə 7 yaşınadək 100 uşaq Portec metodikası ilə sosial reabilitasiya xidməti  ilə təmin olunur. Sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların (küçə uşaqları) sosial reabilitasiyası məqsədilə il ərzində 350-500 uşağa xidmət göstərən sığınacaq yaradılıb. Habelə ötən il icra edilməyə layihə işə salınmaqla Bakı şəhərində 50 uşağa sosial xidmət göstərən 2 autizm mərkəzi fəaliyyətə başlayıb.

Layihələr üzrə həmçinin 50 nəfər daun sindromlu uşağa xidmət göstərən reabilitasiya mərkəzi, 50 nəfər lal-kar və zəif eşitmə qabiliyyəti olan uşağa xidmət göstərən surdoloji mərkəz, 50 nəfər əqli geriliyi olan sağlamlıq imkanları məhdud uşağa xidmət göstərən psixo-sosial dəstək mərkəzi, 2 rayonda 100 nəfər sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzi, görmə  qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya mərkəzləri yaradılıb.

Eyni zamanda,sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi üçün mərkəz fəaliyyətə başlayıb.  Sosial sifarişlər əsasında görülən işlər sırasına  117 nəfər sağlamlıq imkanlar məhdud uşağın valideynlər ilə  birlikdə ölkə xaricində reabilitasiya kursu keçməsini, belə uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara qarşı ictimaiyyətin diqqətinin artırılması üçün təbliğat kampaniyalarının təşkilini  də aid etmək olar. Sosial sifarişləri icra edən təşkilatları müstəqil monitorinqinin aparılması üçün də ayrıca layihə icra edilir. Bununla yanaşı, ölkədə ilk dəfə olaraq əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara cəmiyyətdə diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili üçün İctimai Televiziyada tok-şoular təşkil olunub.

Mətbuat konfransında Ç.Əliyev DSTX-nin fəaliyyətinin digər sahələrində də görülən işlər barədə KİV nümayəndələrinə məlumatlar verib və onların ayrı-ayrı suallarını cavablandırıb.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım