Avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, muxtar respublika Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və təhsil naziri Piri Nağıyev payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov, Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayev, muxtar respublikanın fövqəladə hallar naziri Şamı Abdullayev, ədliyyə naziri Suliddin Əliyev, iqtisadiyyat və sənaye naziri Famil Seyidov, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov, “Naxçıvan” Sərhəd Diviziyasının komandiri Asəf Quliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, səhiyyə naziri Niyazi Novruzov və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli aidiyyəti sahələr üzrə payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib ki, payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır.
Ali Məclisin sədri müşavirədə aidiyyəti təşkilatlara konkret tapşırıqlar verib.
Deyib ki, Dövlət Energetika Agentliyi qış aylarında abonentlərin və təsərrüfat subyektlərinin elektrik enerjisi ilə fasiləsiz təchizatı üçün istismar müddəti ötmüş elektrik avadanlıq və xətlərinin yenilənməsini diqqət mərkəzində saxlamalıdır. Elektrik enerjisinin keyfiyyətlə ötürülməsi və qəza hallarının qarşısının alınması üçün Naxçıvan şəhərində yerüstü elektrik xətlərinin yeraltı kabellərlə əvəz olunması davam etdirilməli, qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi təmin edilməli, elektrik enerjisindən istifadə zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün tədbirlər görülməlidir.
Dövlət Energetika Agentliyinə, həmçinin tapşırılıb ki, elektrik enerjisindən qanunsuz istifadənin qarşısını almaq məqsədilə aidiyyəti orqanlarla birlikdə reydlərin keçirilməsini davam etdirsin, baş verə biləcək qəza hallarının nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün tələb olunan mal-materialın, avadanlıqların alınıb muxtar respublikaya gətirilməsini və zəruri ehtiyatının yaradılmasını təmin etsin, işçilərin qış mövsümünə uyğun xüsusi geyimlə təminatı üçün tədbirlər görsün, qəza-bərpa briqadalarının komplektləşdirilməsi və onların təlimatlandırılması işini mövsüm başlananadək başa çatdırsın.
V.Talıbov “Naxçıvanqaz” İstehsalat Birliyinə tapşırıb ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar qısa müddətdə qaz təchizatı sisteminə texniki baxışı həyata keçirsin, mövcud nasazlıqları vaxtında aşkar edərək aradan qaldırsın. İstifadə müddəti bitmiş qaz sayğaclarının dəyişdirilməsini sürətləndirsin, sayğacdankənar istifadənin qarşısının alınması üçün görülən işlərin səmərəliliyini artırsın. Təbii qaz nəqlinin qış mövsümünə uyğun texnoloji rejimlə həyata keçirilməsi üçün qaztənzimləyici qurğuların tənzimlənməsini təmin etsin. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunması diqqət mərkəzində saxlanılsın, işçilərin qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin olunması üçün tədbirlər görülsün. Qəza hallarının aradan qaldırılmasında operativlik təmin edilsin, yeni qaz xətləri çəkilərkən və bərpa olunarkən mövcud standartların tələblərinin gözlənilməsinə diqqət artırılsın. Yaradılmış mal və material ehtiyatlarından səmərəli istifadə olunsun, işlənən materialların yerinə yenilərinin alınıb gətirilməsi və sabit ehtiyatın yaradılması diqqət mərkəzində saxlanılsın. Yeni qaz xətlərinin təhlükəsiz yerlərdən çəkilməsi təmin edilsin, quraşdırılan sayğacların istismar müddəti nəzarətdə saxlanılaraq aidiyyəti orqanlarla birlikdə qaz sayğaclarının təmiri sexi yaradılsın.
Müşavirədə rayonların icra hakimiyyətlərinə tikintisi və ya əsaslı təmiri aparılan qazanxanaların qış mövsümünədək istifadəyə verilməsinin təmin edilməsi, bütün qazanxanaların fasiləsiz fəaliyyət göstərmələri üçün elektrik enerjisi, təbii qaz və su təchizatı məsələlərinin araşdırılıb, nöqsanların qısa müddətdə aradan qaldırılması tapşırılıb.
Qeyd olunub ki, ictimai yaşayış binalarının zirzəmilərindən keçən istilik və su xətlərinin istismara yararlılığı araşdırılmalı, zəruri təmir işləri qısa müddətdə başa çatdırılmalı, bununla yanaşı, binaların dam örtüklərinin, giriş qapılarının və pəncərə şüşələrinin təmiri üçün müvafiq tədbirlər görülməlidir. Mənzil fondunda, kommunal infrastruktur obyektləri və şəbəkələrində baş verə biləcək qəza hallarının aradan qaldırılması üçün zəruri ehtiyatların yaradılması təmin edilməlidir. Noyabr ayının sonunadək Naxçıvan şəhərində yeni su və kanalizasiya sistemləri istismara verilməli, istifadəçilərlə müqavilələr bağlanmalıdır.
Müşavirədə digər sahələrlə bağlı tapşırıqlar da müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, Maliyyə Nazirliyi təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə veriləcək yanacaq və qışa hazırlıqla bağlı tələb olunan digər avadanlıqların alınması üçün vəsaitin köçürülməsini təmin etməlidir. Nəqliyyat Nazirliyi ayrılmış marşrut avtobus və mikroavtobusların qrafikə uyğun hərəkətini və nəqliyyat vasitələrinin texniki sazlığını diqqətdə saxlamalıdır.
Ali Məclisin sədri qeyd edib ki, qış mövsümündə muxtar respublika ərazisindəki hərbi hissələrdə daxili intizam qaydalarına, şəxsi heyətin ərzaq məhsulları ilə təminatına xüsusi diqqət yetirilməli, tədarük olunan məhsulların keyfiyyəti diqqət mərkəzində saxlanmalıdır. Sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı vaxtında başa çatdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini təmin etməli, payız mövsümündə yeni yaşıllıqların salınmasını davam etdirməlidir. Nazirlik qış aylarında muxtar respublikanın bitki və heyvanat aləminin qorunması üçün vaxtında müvafiq tədbirlər görməlidir. Aidiyyəti orqanlar ötən payız-qış mövsümündə yol verilən çatışmazlıqları ciddi təhlil etməklə həmin nöqsanların bir daha təkrarlanmaması üçün təsirli tədbirlər görməlidirlər.
Modern.az