“Rusiyanın uçuşlarla bağlı sanksiyalar tətbiq etməsi olduqca ciddi məsələdir. Bu xüsusilə Rusiya sərhəddindən həyata keçirilən uçuşlara öz təsirini göstərəcək”.
Bu barədə Modern.az saytına millət vəkili Vahid Əhmədov Rusiyanın hava yollarına tətbiq etdiyi sanksiyaların Azərbaycana təsiri məsələsini şərh edərkən söylədi.
“Hesab edirəm ki, Rusiyanın sanksiyalar tətbiq etməsi birbaşa Ukrayna ilə əlaqədardır. Avropa dövlətlərinin, ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiyanın özündə vəziyyəti gərginləşdirib. Rusiyanın bank sistemində ciddi problemlər var. Ümumilikdə isə bizim ölkımiz üçün ciddi problemlər gözlənilmir”.
Deputat bildirdi ki, bir qədər baha başa gəlsə də, kənar yollardan isitifadə ediləcək. “Düşünürəm ki, bu müvəqqəti sanksiyadır, daimi ola bilməz. Çünki, Azərbaycanın Rusiya ilə strateji əlaqələri mövcuddur. Həmçinin bu sanksiyalar ölkəmiz üçün ciddi problem yaratmayacaq”.
Millət vəkili eyni zamanda hava daşımasında qiymət artımının olacağını da istisna etmədi: “Qiymət artımı olacaq. Çünki, təyyarənin marşurutu dəyişəcək, məsafə uzanacaq”.
Qeyd edək ki, Rusiyanın baş naziri Dmitri Medvedev öz çıxışında Ukrayna aviaşirkətlərinin tranzit reyslərinə qadağa qoyduğunu açıqlayıb. Bununla da Rusiya öz hava məkanı vasitəsilə Ukrayna aviaşirkətlərinin Gürcüstana, Azərbaycana, Ermənistana və Türkiyəyə tranzit reyslərini dayandırıb.
Gülşən RAUFQIZI