Ermənistan iqtisadiyyatı “böyük neqativ gözləntilər zolağına daxil olub”. Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyada rus dilində çıxan “Nuhun Gəmisi” qəzetinə müsahibəsində deyib.
"Azadlıq" radiosunun məlumatına görə, eks-prezident bildirib ki, Ermənistan iqtisaiyyatının indiki vəziyyəti və gələcək perspektivləri haqda optimist düşünməyə onun nə daxili, nə də xarici səbəbləri var.
"Əksinə, son vaxtlar qlobal iqtisadiyyata yeni təhlükələr çıxıb. Qərbin və Rusiyanın qarşlıqlı sanskiyaları dünya iqtisadiyyatına necə təsir edəcək, buna Rusiya iqtisadiyyatı necə reaksiya verəcək, bütün bunlar nə qədər davam edəcək- bunların təsirini hələ qiymətləndirmək lazımdır".
Köçəryanın sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmağı onun İran və Gürcüstanla ticarətinə necə təsir edəcək, bu da məlum deyil.
Bəs nə etmək lazımdır? – sualına cavabında Köçəryan deyib ki, iqtisadiyyatı sağlamlaşdırmaq lazımdır.
Öz hakimiyyəti dövründə oliqarxların görünməmiş gücləndiyini qeyd etməyən Köçəryan indi deyir ki, iqtisadiyyatı monopoliyalardan azad etmək lazımdır, nüfuzlu məmurların və qohumlarının iştahının qabağını kəsmək lazımdır.
"Bunsuz mümkün deyil. Cəmiyyətə aydın siqnal verməl lazımdır ki, işgüzarlıq arzu olunandır və dəstəklənəcək. Şəxsi maraqları bir neçə illiyə arxa plana keçirmək lazımdır, bu maraqları unutsalar, lap yaxşıdır”.
Eks-prezidentin orijinal təklifləri də var:
"İş həftəsini də çoxsaylı “mereloslarla” deformasiya etməyə son qoyulmalıdır" (“merelos” – Azərbaycanlılarda cümə axşamları kimidir, ancaq ermənilərdə bazar ertəsinə düşür və həmin gün ölənlərin xatirəsi yad olunur) .
Köçəryanın daha bir orijinal təklifi budur ki, "avqustda səhər 6-da gün çıxır, iş isə saat 9-da başlanır- bu, anormaldır". Onun fikrincə, bu iş rejimini "ölkəyə sırıyıblar və bu, tormozlayıcı rejimdir, sürətləndirici yox".
Modern.az